Ukraynada həbsdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı səfirliyimizdən AÇIQLAMA

DİASPOR 09 sen 2022, 14:43
Ötən gün Kiyevdə həbsdə istintaq altında saxlanılan Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin növbəti məhkəmə iclası keçirilib. Bir ildən çoxdur ki, təcridxanada saxlanılan bu şəxslərin azadlıqlarının məhdudlaşdırılması hər iki ölkədə birmənalı qarşılanmayıb.

Hazırda məhkəmə prosesinin hansı mərhələdə olması və vətəndaşlarımız Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi üçün səfirliyin hansı addımlar atması ilə maraqlandıq.

Səfirlikdən Bizim.Media-ya ünvanlanan cavabda bildirilir ki, səfirlik məsələ barədə 2022-ci ilin iyun ayında məlumatlıdır:

“Vətəndaşların ailələrinin ərizəsi daxil olduqdan sonra təqsirləndirilənlərin vəkili V.Dobryanitsa ilə səfirlikdə görüş keçirilib. Bundan sonra səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət edilib, hərbi vəziyyətə baxmayaraq məsələnin qanun çərçivəsində mümkün qədər sürətləndirilməsi xahiş edilib”.

Məlumatda o da qeyd olunur ki, səfirlik tərəfindən iyun ayından indiyədək Ukrayna XİN-ə üç dəfə rəsmi müraciət edilib, vəkillər V.Dobryanitsa və A.Volkov ilə mütəmadi əlaqə saxlanılıb, keçirilən bütün məhkəmə iclaslarında iştirak təmin edilib:

“Sonuncu dəfə 7 sentyabr tarixində səfirlikdə vəkil V.Dobryanitsa və M.Qasımlının bacısı N.Qasımova ilə üç saata yaxın davam edən görüş keçirilib, məsələ bir daha müzakirə olunub, növbəti addımlar razılaşdırılıb.

Cari ilin 8 sentyabr tarixində keçirilmiş iclasda iş üzrə dinləmələr aparılıb, əldə olan dəlillər dəyərləndirilib, qısa müddətdə növbəti dinləmələr təyin edilib. Prosesin qanun çərçivəsində sürətləndirilməsi üçün səfirliyin səlahiyyətləri daxilində iş bundan sonra da davam etdiriləcəkdir”.

Qeyd edək ki, azərbaycanlılar Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlar adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham olunurlar.

Hazırda M.Qasımlı və S.Quliyev Kiyevdə istintaq təcridxanasında saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top