Hər bir şagirdin yaddaşında unudulmaz məktəb anları olur. Bunlardan biri də yəqin ki, əlifba bayramına məxsusdur. Belə ki, bu tədbirdə birincilər öz bacarıqlarını göstərir, il ərzində öyrəndikləri hərfləri, rəqəmləri öz müəllimləri, valideynləriylə bölüşüb, kiçik səhnəciklər səhnələşdirirlər.
Ancaq son illər əlifba bayramının keçirilmə qaydaları belə dəyişib.
Bəzi siniflərdə əlifba bayramı uşaqların öz bacarıqlarının göstərdiyi yox, valideyn komitələrinin özləri üçün təşkil etdikləri əyləncə tədbirlərinə çevrilib. Canfəşanlıq edən müəllim və valideyn komitələri uşaqların əlifba bayramını keçirmək üçün şadlıq sarayı rezerv edirlər. Bununla da balacaların ilk bacarıqları əlavə xərc və dəbdəbəli məclislə yadda qalır.
Halbuki birinci sinif şagirdi üçün yeni qədəm qoyduğu məktəbin özündə keçirilən tədbir daha özəl, önəmli o cümlədən də yaşına, xəyal dünyasına uyğundur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Nadir İsrafilov valideyn komitələrinin təşkilatçılıqlarını belə qiymətləndirib:
“Əlifba” dərsliyini ləğv edirik, “Əlifba bayramı”nı daha təmtəraqlı keçiririk”
“Nazirin sözü olmasın, təhsil sistemimiz, sanki tərsinə qurulub... Uzun illik təhsil təcrübəmizdə yenilik etmək adı ilə əsasən təhsilin məzmununa deyil, formaca dəyişdirilməsinə diqqət çəkdik.
“Əlifba bayramı”na münasibətdə isə tam tərsinə olub. Bayramın məzmunu qalıb, forması dəyişdirilib. Yəni, əvvəllər bu bayram - "Əlifba bayramı”, o cümlədən də “Son zəng” tədbirləri hər bir məktəblinin həyatında əlamətdar bir hadisə, məktəb həyatının gözəl bir ənənəsi sayılıb.
Birincilər bu gün həyatda ən vacib addımlardan birini atırdılar. Onlar artıq hərfləri tanıyır, sərbəst oxuyur, təhsil pilləsinin ilk mərhələsini uğurla tamamlayırdılar.
Mərasimə məktəb rəhbərliyi və valideynlər də qatılar, azyaşlıların sevincini bölüşərdilər.
Birincilər əlifba, doğma vətən, müəllim haqqında mahnılar oxuyar, şeirlər deyər, milli paltarlarda rəqslər ifa edər, nağıl qəhrəmanlarından kiçik səhnəciklər göstərərdilər. Müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri də öz növbələrində birinciləri təbrik edər, onlar haqqında xoş sözlər deyərdilər.
Başqa cür ola da bilməzdi.
Axı, “Əlifba” bütün elmlərin açarı və onları bilik xəzinəsinə aparan yolun başlanğıcı idi. Elə biliklərimizin bünövrəsi də məhz əlifbadan başlanırdı. Bu baxımdan “Əlifba” bayramının keçirilməsi böyük rəmzi məna daşıyırdı. Ona görə də ənənəvi olaraq birincilər əlifbanı başa çatdıran kimi, bunu xüsusi bir bayram kimi qeyd edirdilər”-deyə ekspert ilk olaraq tədbirin ənənəvi qaydaları barədə fikirlərini bildirib.
“Zəmanə dəyişib, dəyərlər başqalaşıb”…
Nadir İsrafilov Əlifba bayramının ənənəvi qaydalarının dəyişməsindən də danışıb.
“Artıq “Əlifba bayramı” məktəblərdə, birinci siniflərdə, dərs ilinin son həftələrində deyil, istənilən vaxt, istənilən yerdə - restoranlarda, şadlıq evlərində, istənilən tərkibdə keçirilə bilər. Təki, hansısa valideynin və ya valideyn komitəsinin bu bayramın keçirilməsində marağı və təşəbbüsü olsun.
Valideynə qalan övladının sevincini istənilən yerdə, istədiyi ətrafı ilə, istədiyi formada bölüşmək, bizə isə qalan, bir vaxtlar məktəb həyatınin ən xoş və gözəl bir ənənəsi olan “Əlifba bayramı”nın nostalji hissləri ilə bağlı xoş xatirələrdir. Zəmanə dəyişib, dəyərlər başqalaşıb, məsələyə yanaşma tərzimiz özgələşib...”.
Müsahibimiz sonda əlifba bayramıyla yanaşı, ləğv olunan “əlifba” dərsliyindən də danışıb.
“Bir ara yenilik axtarışına çıxaraq, nəsə etmək xatirinə “Əlifbanı” hədəfə aldıq, ona ərəb damğası vuraraq tədris planından çıxarıb, I sinfə “Ana dili” fənnini daxil etdik. “Əlifba” dərsliyini ləğv edib, onu “Ana dili” dərsliyi ilə əvəzlədik. Halbuki, birincilər dil yox, hərf öyrənirdilər və bu bayram da məhz artıq, hərflər onlar tərəfindən tam tanındıqdan, oxu və yazı vərdişləri formalaşdıqdan sonra, may ayının son həftələrində keçirilirdi”.
Nadir İsrafilovun sözlərinə görə indi sadəcə məktəbəhazırlığa gedən uşaqlar deyil, hətta “məktəbə qədər təhsil müəssisələri” adlandırdığımız uşaq bağçalarının körpələri belə hərfləri tanıyır və öyrənə bilirlər. Ona görə də bir neçə illər bundan əvvəl olduğu kimi, uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın məna və mahiyyəti dəyişib.