"Hər gün bu qədər şadlıq sarayları, restoranlar, marketlər tikilir. Bizim cəmiyyətin dərdi sadəcə yemək-içməkdirmi? Bunların yerinə fabriklər, zavodlar tikilsə, özümüz xaricdən aldığımız məhsulları istehsal etsək, necə olar? İstedadlı xanımlarımız var, atelyelər açıb bacardıqları qədər nəsə etməyə çalışırlar. Türkiyədəki kimi öz brendlərimizi yaratsaq, öz istehsalımız olsa, nə pis olar ki?".
Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Qiymət artımına toxunan sənətçi müxtəlif sahələr üzrə mütəxəssis yetişdirməyə ehtiyac olduğunu qeyd edib:
"Televiziya və kino sahəsində dövlət hesabına gəncləri xaricdə təhsil almağa göndərib mütəxəssislər yetişdirsək, bundan kim nə itirər?
Dövlət hesabına rəqs, rəsm, şahmat və sair kimi yerlər açılsa, uşaqların məşğuliyyəti artsa, bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?
Monopoliya yoxdur deməklə deyil e... Hətta şou-biznesdə də monopoliya var. Eyni müğənnilər eyni şadlıq saraylarındakı bütün tədbirlərə yönəldilir. Toylarımızda da sanki dejavu yaşanır, yalnız bəy ilə gəlinin adı fərqli olur. Hamı elə bil sadəcə göstəriş üçün yaşayır.
Apteklərdə satılan dərmanların keyfiyyətsiz olduğunu bilirik. Keyfiyyətli dərmanları yalnız alman apteklərindən almaq mümkündür, onlar da varlılar üçündür – od qiymətinə satılır. Xaricdən gələn qohum və dostlarımız vasitəsilə dərman gətirtmək də olmur, çünki gömrük icazə vermir.
Torpaq alıb ev tikmək üçün icra hakimiyyətlərindən icazə almaq əsl zülmdür. Evlərin və torpağın qiyməti isə günü-gündən artır. Qalxa-qalxa qiymətlər hara çatmaq istəyir ki? Dollar da qalxsın, manatın dəyəri də get-gedə ölür onsuz da.
İctimai nəqliyyatdan varlılar istifadə etmir, kasıb cərimə ödəsin, kommunal ödəsin, ərzaq və dərmanı nəylə ödəsin bəs? Pulu necə qazansın yaşamaq üçün?
Birdəfəlik qanun çıxsın ki, imkanı, evi, işi olmayanlar dünyaya ancaq bir uşaq gətirə bilər. O bir uşağı böyütmək üçün də dövlət yardım etsin təhsilinə, həkiminə".