Kişi onu it adlandıran arvadına ağır xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 06 yanvar 2025, 16:39
Bakının Xəzər rayonunda 1990-cı il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda baş verib. Daşqın orada yerləşən yeni tikilidə arvadı Vüsalə ilə aralarında evi və yorğanları səliqəli yığışdırmadığını irad tutduqda aralarında yaranmış mübahisə zəminində Vüsalənin ona aqressiv formada təhqiramiz cavab verdiyi, evin qapısından çıxmaq istəyərkən yenidən ona “it“ deyərək təhqir etdiyi üçün onu cəzalandırmaq qərarına gəlib. 

Daşqın arvadından qəsdən qisas almaq niyyəti ilə sifət, qarın və ayaq nahiyyələrindən yumruq və təpik zərbələri vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, fərdi əməklə məşğuldur, 3 azyaşlı övladı var, orta təhsillidir, məhkumluğu yoxdur: “Zərərçəkmiş Vüsalə ilə rəsmi olaraq 12 ildir ki, nikahdayam. Bizdən başqa həyətdə olan digər evdə anam Şahnaz və atam Baba da yaşayır. 10 ildir ki, Binə qəsəbəsində yaşayırıq. Hadisədən 2 ay əvvəldir ki, Vüsaləyə tez-tez ailədaxili onun aqressivliyi üstündə sözlə mübahisəmiz olub. 28 aprel 2024-cü ildə saat 22 radələrində uşaqları yatızdırdıq və bir otaqlı evə gəldik. Saat 23 radələrində mən evdə Vüsalə ilə birlikdə olarkən evdə yorğan-döşəyi yerbəyer etməyə başladıq. Vüsalə mənə irad bildirərək yorğanları səliqə ilə yığmağımı xahiş etdi.  Mən isə buna cavab olaraq ona aqressiv formada təhqirlə cavab qaytardım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra arvadı Vüsalə ilə arasında mübahisə başlayıb, hər ikisi əsəbləşib: “Bu zaman Vüsalə məni təhqir etdi. Mən isə ona yaxınlaşaraq üz nahiyəsindən qəsdən bir şillə zərbəsi vurdum. Sonra anam digər evdən səs-küyə gəldi. Bizi sakitləşdirdi. Sonra anam evdən çıxaraq yan evə getdi. Sonra evdən çıxıb getmək istədim. Qapını açıb çıxarkən Vüsalə arxamca “it” sözünü dedi, məni bir neçə dəfə təhqir etdi. Mən yenidən əsəbləşərək Vüsalənin üzərinə gəldim, qəsdən ona bədən nahiyəsindən, əsasən də qarın hissəsindən sağ ayağım ilə zərbələr vurdum. Bu zərbələrdən Vüsalə yerə yıxıldı. Mən isə oradan getdim”. 

Daşqın bildirib ki, aprelin 29-da, axşam saatlarında Vüsalə bədənində bərk ağrı olmağını ona və anasına deyib: “Sonra isə Sabunçu qəsəbəsində olan 3 saylı xəstəxanaya getdik, müayinə olundu, ağır xəsarət almağı aşkar edildi. Hadisə 3-4 dəqiqə aralığında aprelin 28-də yaşadığımız evdə baş verib. Hadisə zamanı yanımızda heç kim olmasa da, sonrakı saniyələrdə anam oraya gəlib. Hadisənin baş verməsinin səbəbi Vüsalənin mənə aqressiv cavab verməyi, məni təhqir etməyi olub”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqının barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top