Türk dünyasına daha bir töhfə: Özbəkistanda Azərbaycan dilinin tədrisinə başlanılıb

DİASPOR 06 fevral 2024, 17:33
Özbəkistanın bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Demokrat.az
“Report”a istinadən xəbər verir ki, dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetikası, leksikası və qrammatikası öyrədilir. Gələcəkdə Özbəkistan universitetlərində Azərbaycan dili ilə yanaşı, Azərbaycan ədəbiyyatı və tarixi fənlərinin tədrisi də həyata keçiriləcək. 

Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar İsgəndərov Demokrat.az-a açıqlamasında qardaş ölkədə dilimizin tədrisini müsbət qiymətləndirib:

“Türk dövlətləri uzun illər bir-birindən ayrı salınıb, hətta bir-birinə düşmən münasibətdə olmaları üçün təbliğat aparılıb. Sovet dövründə “SSRİ tarixi” dərsliyində bir ana xətt var idi – guya Osmanlı dövləti, daha sonra isə Türkiyə Cümhuriyyəti Azərbaycanın, Özbəkistanın, Türkmənistanın, Qazaxıstanın düşmənidir, belə bir obraz yaradılmışdı. Həm Çar Rusiyası, həm də Sovet Rusiyası dövründə türkdilli xalqlar çox şey itirdi. Dil, din qadağaları oldu. Yalnız SSRİ-nin dağılmasından sonra türk dünyası dərk etdi ki, birləşməyə ehtiyac var. Artıq dövlətlər səviyyəsində türk dünyasında münasibətlər qurulub. Oxşar tarix, oxşar dil, oxşar mədəniyyət və ənənələrə əsaslanaraq qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün bu gün yüksək səviyyədə yanaşmalar var”. 

Deputatın fikrincə, gələcəkdə türk dünyasının daha da gücləndiyinin şahidi olacağıq:

“Bu gün Özbəkistanda Azərbaycan dili tədris olunursa, təbii ki, Azərbaycanda da türk ölkələri ilə bağlı dərslər tədris olunacaq. Hər bir türk dünyası dövləti bu istiqamətdə öz töhfəsini verməlidir ki, son nəticədə güclü türk dünyasının formalaşdığının şahidi olaq və bizlərə qarşı Səlib yürüşü elan edən Qərbi susdura bilək. Çünki Qərb böhtan atmaqla və araya nifaq salmaqla bizi parçalamaq istəyir, lakin əbəs yerə. Türk dünyası xalqları bir-birinin dilini, mədəniyyətini, ədəbiyyatını nə qədər çox mənimsəyərsə, türk dünyası da bir o qədər çox qazanar.

Əminəm ki, Özbəkistanda Azərbaycan dilinin tədrisinə başlanılması digər türk ölkələrində, eləcə də Azərbaycanda qardaş xalqların dilinin öyrənilməsi ənənəsinin təməlini qoyacaq və bu ənənə birliyə töhfə verəcək”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top