“Dünyada iqtisadi, siyasi, hərbi krizisin başlanğıcı qoyuldu” — ŞƏRH

GÜNDƏM 05 iyl 2022, 17:10
İsveç və Finlandiyadan sonra Albaniya da NATO-ya qoşulmağa qərar verib. NATO-nun genişlənməsi nədən xəbər verir?

Məsələyə münasibət bildirən politoloq Yusif Bağırzadə Demokrat.az-a açıqlamasında bildirib ki, artıq NATO-nun növbəti İspaniya sammiti qərar qəbul edib və bu qərar NATO-nun növbəti 2030-cu ilə kimi olan strateji hədəflərini müəyyənləşdirir. Politoloq vurğulayıb ki, həmin hədəflər əsasən dünyada terrorizmə qarşı mübarizə, Yaxın Şərqdəki qeyri-stabil vəziyyət və ekologiyaya dairdir: 
“Bu üç istiqamətdən başqa hədəf NATO-nun dünyaya təhlükəsizlik baxımından Rusiyanı əsas hədəf seçməsidir. Bildiyimiz kimi, indiyə kimi NATO ilə Rusiya arasında əməkdaşlıq platforması var idi və Rusiya NATO üçün təhdid obyekti deyildi. Artıq Madrid Sammitində Rusiya dünyaya qorxunc bir hərbi münaqişə ocağı kimi göstərildi”.

Politoloq vurğulayıb ki, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbuluna veto qoymaq istəyirdi: 



“Ancaq Alyans dövlətlərinin baş katibinin təkidlərindən, ABŞ-ın da buna münasibətlərindən həm də ki, İsveç və Finlandiyanın Türkiyə qarşısında öhdəlik götürdükdən sonra Türkiyə dövləti Finlandiyanın və İsveçin NATO-ya əngəl törətməyəcəyini, veto qoymayacağını qeyd elədi. Bu sammitdə iştirak edən Türkiyə dövlət başçısı Ərdoğan isə bildirdi ki, əgər bu dövlətlər öhdəliklər yerinə yetirməsələr, az müddətdə bu veto hüququna baxıla bilər. Bildiyimiz kimi, bu dövlətlərdə terrorist təşkilatlarının ofisləri yerləşir, burada isə 73-ə yaxın terroristin Türkiyəyə təhvil verilməsindən söhbət gedir. Ona görə də, bu proses getməlidir“. 

Y.Bağırzadə əlavə edib ki, NATO-nun da öz tələbləri var:

“Bu və ya digər dövlətlər məsələn, Ukrayna, Gürcüstan, Moldova uzun illərdir ki, NATO ilə əlaqədər müraciət edib. Ancaq bu istiqamətdə proseslər gedirdi. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra dünyada nə proses dəyişdi. Qeyd edim ki, vaxtilə Tramp dönəmindən sonra NATO ilə ABŞ dövləti arasında bir soyuqluq əmələ gəlmişdir. D.Tramp bəyanat vermişdir ki, NATO-nun büdcəsini ABŞ-ın doldurması düzgün deyil, başqa dövlətlər də yerinə yetirməlidir. Ancaq Rusiya Ukraynaya hücum etdikdən sonra ABŞ yenidən NATO-nun başçısı oldu. Xatırladım ki, əvvəllər bir sıra siyasi partiyaların rəhbərləri bəyanatları səsləndirdi ki, onlar Avropa Birliyindən çıxa bilər. Lakin Rusiya Ukraynaya hücum etdikdən sonra Avropa Birliyi də daha da möhkəmləndi, daha da ABŞ-la yaxınlaşdı. Yəni, bu müharibədə ABŞ yenə də uddu“.

Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra NATO dövlətlərinə daxil olan və ya olmayan dövlətlərin hərbi büdcələrinin artırılması istiqamətindən böyük işlər gedir:

“Hesab edirəm ki, bu, dünyada böyük silahlanmaya gətirib çıxardacaq. Bu da dünyada iqtisadi, siyasi, hərbi krizisin başlanğıcını qoydu. Bildiyiniz kimi, NATO sammitində ABŞ qərar verdi ki, həm İspaniya, həm Almaniya, həm də digər dövlətlərə öz hərbi kontingentini yerləşdirməsini artırsın. Hətta, heç vaxt öz hərbi büdcəsini artırmağa meyl etməyən hərbi kontingentini ordusunu çoxaltmağa meyl etməyən Almaniya kimi bir dövlət, öz hərbi büdcəsini 100 milyarddan 200 milyarda qaldırdı. Yəni, bu da böyük rəqəmdir. Bunun qarşısında Rusiyanın öz hərbi qüdrətini artırmağa maddi imkanları zəifdir. Bu, çox ciddi məsələdir. Bütün bu hadisələri Amerikan hərbi filosofu Frensisa Fakuyama öncədən demişdir. Yəni 2014-cü ildə Rusiya Ukraynaya hərbi müdaxiləsindən sonra,proseslər o dediyi istiqamətdə gedir. Onun əvvəldən dediyi proqnozlar özünü artıq doğrultdu“.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top