General məhkəmədə ifadə verdi: “Hər bir material, cinayət işi üzrə Baş Prokurorluğa məruzə olunub”

KRİMİNAL 21 iyn 2022, 19:37
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.

Hakim Elbəy Allahverdiyev açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə göstəriş verib.

Bu gün baş tutan prosesdə ilk olaraq əlavə şahid qismində Qədir Qurban oğlu Əkbərov ifadə verib. Təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında məhkəməyə dəvət edilən Qədir Əkbərov MTN-də Xüsusi İnspeksiyanın rəisi olub. 

Qədir Əkbərov bildirib ki, işlə əlaqədar Mövlam Şıxəliyevlə Yasin Məmmədovun ədavəti var. Onun sözlərinə görə, Mövlam Şıxəliyevin təqriri əsasında 3 dəfə Yasin Məmmədovla bağlı yoxlama aparıb. 

Qədir Əkbərovun qısa ifadəsindən sonra Yasin Məmmədov ona MTN komendaturasından vətəndaşların keçməsi qaydası haqda sual ünvanlayıb. Hakim sualın baxış predmetinə aid olmadığını deməklə xaric edib. 

Növbəti şahid Ələddin Kazım oğlu Bağırov olub. Şahid zərərçəkən Əfsəl Həsənəliyevdən hədə-qorxu ilə pul alınması epizodu üzrə məhkəməyə çağırılıb. 
Məhkəmədə bəlli olub ki, Ələddin Bağırov məhkəməyə səhvən çağırılıb, onun işə hər hansı bir formada aidiyyatı yoxdur. 

Bundan sonra hakim Elbəy Allahverdiyev təqsirləndirilən şəxs Sahib Ələkbərovun ötən məhkəmə prosesində verdiyi vəsatətlə bağlı qərarını açıqlayıb. 
Qərara görə Sahib Ələkbərovun sabiq baş prokuror Zakir Qaralovun və onun 1-ci müavini Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatəti təmin edilməyib. 

Ardınca hakim zərərçəkən Əfsəl Həsənəliyevin eyni məzmunlu vəsatətinin də təmin edilmədiyi açıqlayıb. 

Əfsəl Həsənəliyev hakimdən qərarını əsaslandımasını istəyib. O, tələb edib ki, məhkəmə obyektiv aparılsın.

Hakim isə zərərçəkənin tələbinə məhəl qoymayıb. 

Bu zaman Əfsəl Həsənəliyev hakimə etiraz edib: “Aylardır ki, məhkəmə keçirilir. Siz burada Mövlam Şıxəliyevə vəkillik edirsiz. Bizim əsaslı vəsatətlərimizi təmin etmirsiz. Mənim evimi “Unibank” əlimdən alır. Məni bunlar, Yasin Məmmədov girov götürüb, əvvəlcə ailəmdən 7 min manat alıblar. Məni heç bir cinayətim olmaya-olmaya 4 aydan çox girov saxlayıblar, 100 min dollar pul tələb ediblər. Sonra da həmin məbləği 50 min dollara endiriblər. Məni məcbur ediblər ki, evimi banka girov qoyum, pul götürərək bunlara verim. Mən ailəmin yaşadığı yeganə evi banka girov qoyub, 55 min dollar pul götürmüşəm. 50 min dollar MTN-dəki kabinetində Yasin Məmmədova vermişəm.Verməsəydim, məni şərləyib həbsə göndərəcəkdilər. Siz də burada hakimlik etmirsiz, bunlara vəkillik edirsiz. Mən sizə etiraz edirəm”.

Əfsəl Həsənəliyev özünü yandırmaq istəyib. Bu zaman o, məhkəmədən çıxarılıb və zərərçəkən Zaur Əliyev hakimə müraciət edib: 

-Əfsəl Həsənəliyev bu yaşında küçələrdə qalmaq təhlükəsi ilə üz-üzədir. Onun ailəsi ağır durumdadır. Bu yaşında nəvələri ilə birgə çöldə qalacaq. Onu niyə bu günə salırsız?
Hakim: 

-Bəs sən özünü niyə yandırmırsan? 
Zərərçəkən:

-Əfsəl Həsənəliyev yaşlı adamdır, çox çətin vəziyyətdədir. Onun hərəkətlərini anlayıram.

Bundan sonra Elbəy Allahverdiyev Zaur Əliyevin ötən prosesdə verdiyi vəsatətlə bağlı qərarını elan edib.

Yada salaq ki, ötən prosesdə Zaur Əliyev də Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyevin müavini olmuş Təhsin Ağayevin, Arif Allahverdiyev və Mamay Qulubəyovun əlavə şahid qismində dindirilməsini xahiş etmişdi. 

Hakim vəsatətin təmin edilmədiyini açıqlayıb.

Zaur Əliyev isə hakimi ədalətsizlikdə ittiham edib: “Siz mənim haqqıma girisiz. Bu məhkəmə prosesi kimlərdən ötrü keçirilir? Bu məhkəmə niyə qurulub? Biz həqiqətin ortaya çıxması üçün vəsatət veririk, sübutlar təqdim edirik. Bu, bizim hüququmuzdur. Siz bizləri hüququmuzdan məhrum edirsiz. Məhkəməni tezbazar, heç bir araşdırma aparmadan, bu mütəşəkkil cinayətkar dəstənin ən aktiv üzvləri olan Zakir Qaralovla Rüstəm Usubovu burada dindirmədən bitirməyə çalışırsız. Bu halda obyektivlik, ədalətli hökm çıxarılması mümkün olmayacaq. Çünki təqsirləndirilən şəxslər də, zərərçəkənlərin əksəriyyəti də bu cinayətlərin baş tutmasında, bizlərdən alınan pulların bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun müstəsna rolunu vurğulayırlar. Siz onları çağırıb burada dindirilmələrini təmin etmədən hökm çıxara bilməzsiniz. Çünki, çıxaracağınız hökm əsassız olacaq”. 

Zərərçəkən fikirini tamamlayandan sonra hakim sərbəst ifadə vermək üçün sözü təqsirləndirilən Mövlam Şıxəliyevə verib. Mövlam Şıxəliyev sərbəst ifadəsini məhkəməyə yazılı şəkildə təqdim edəcəyini bildirib. O, ittihamları qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb. 

Mövlam Şıxəliyev deyib ki, ibtidai istintaq yarımçıq aparılıb, ona verilən ittihamlar əsassız olmaqla heç bir sübuta söykənmir. Mən istintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm. Qərarları Baş Prokurorluq verib. Hər bir material, cinayət işi üzrə Baş Prokurorluğa məruzə olunub, orada verilən qərarlar üzrə  işlər icra olunub. 
Mövlam Şıxəliyev zərərçəkən Elvar Əliyevlə bağlı peşmançılıq çəkdiyini deyib: “Elvar Əliyev məhkəmə binası önündə oğluma deyib ki, həbsdə olanda gözünə dərman tökülməli olub. Lakin ona dərman verilməyib. Bundan mənim xəbərim olmayıb. Mən bunu bilsəydim, özüm dərman alaraq ona verərdim”.

Zərərçəkən Elvar Əliyev isə ayağa qalxaraq Mövlam Şıxəliyevin yalan danışdığını bildirib: “Mən Mövlam Şıxəliyevin oğluna belə söz deməmişəm. Mənə həqiqətən də MTN-də gözümə tökməyə dərman verilmirdi. Mən sərbəst ifadəmdə bu haqda məlumat vermişəm”. 

Mövlam Şıxəliyev iddia edib ki, zərərçəkənlərdən kimsə ona pul verdiyini deməyib. Bu yerdə zərərçəkən Nizami Kazımov Mövlam Şıxəliyevə bildirib ki, o, yalan danışır: “Məni MTN-dəki kabinetində 3 dəfə qəbul etmisən. Birinci dəfə dedin ki, Vüsal Ələkbərovun istədiyi pulu ver. İkinci dəfə dedin ki, vəkil Osman Kazımovdan imtina elə. Üçüncü dəfə artıq məndən pulu almışdız. Məni kabinetə çağırıb söhbət elədin və yola saldız. Burada yalan danışmayın”. 
Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib. 

Bundan sonra dövlət ittihamçısı Mövlam Şıxəliyevə bir neçə sual verib:

-Sizin MTN-də müstəntiqlərin törətdiyi cinyətlərdən məlumatınız olmayıb? 

Mövlam Şıxəliyev:

-Məlumatsız olmuşam. Müstəntiqlər işi hazır şəkildə gətirib verirdilər, imzalayırdım və lazım olanda Baş Prokurorluğa yönəldirdim. Biləvasitə Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişik. Mən kargüzarlıqla məşğul olmuşam. Ancaq hər bir şeydən xəbərim vardı. Çünki istintaq idarəsinin rəisi idim. 

-Zərərçəkən İbrahim Zeynalovdan alınan məbləğdən xəbəriniz olub? 

-İbrahim Zeynalovdan 8 milyon manat alınmasını özünüz burada aydınlaşdırdınız ki, kimə çatıb. Qoy prokurorluq bunu araşdırsın. İttiham alayarımçıqdır. Mənim baş prokuror
Kamran Əliyevə, onun 1-ci müavini Elçin Məmmədova hörmətim var.  Mənə verilən ittiham əsassızdır. Müstəntiqlər barəmdə onlara düzgün məruzə etməyiblər. Qasım Məmmədov bizə qarşı qeyri-obyektiv mövqe tutub. 

-Siz İbrahim Zeynalovdan alınan pulun kimə çatdığını bilmirsiz? 

-Məni siyasətə uğratmayın. Mən qərar verən şəxs olmamışam. Sadəcə görülən işlərə nəzarət eləmişəm. İbrahim Zeynalov xalça zavodu tikib. Ondan zavodun 40 faizini istəyiblər. Buna görə də mübahisə olub. Sonrasını da bilmirəm.   
Növbəti proses iyunun 28-də davam edəcək. 

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top