Ramiz Mehdiyevin oğlunun şirkəti yüksək məbləğdə borca düşdü

İQTİSADİYYAT 16 oktyabr 2025, 12:55
Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan "Şərq-Qərb” ASC dövlət qarşısında borca düşüb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, "Şərq-Qərb” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52 144 manat yığılmış vergi borcunun olduğu üzə çıxıb.

Qeyd edək ki, mətbuatda "Şərq-Qərb” nəşriyyat-poliqrafiya şirkətinin Prezident Administrasiyasının sabiq rəhbəri, bu günlərdə ağır cinayətlərdə ittiham olunaraq ev dustaqlığına məhkum edilən Ramiz Mehdiyevə aid olduğu bildirilir. "Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Ramiz Mehdiyevin oğlu, hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan Teymur Mehdiyevə məxsusdur. 

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, "Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.

Dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə "Şərq-Qərb” ASC-nin milyonlarla manat dəyərində tenderlərin qalibi olduğunu görmək mümkündür. Xüsusən, şirkətin 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tabeçiliyində olan müəssisələrlə nəhəng müqavilələr bağladığı məlum olub. Həmin vaxt AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib.

Xatırladaq ki, Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan AMEA İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar akademiya tərəfindən "Şərq-Qərb” ASC-yə ödənilib. Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib. 

Eyni zamanda Hesablama Palatasında ötən il AMEA-nın İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Cari ilin oktyabrın 1-də isə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, AMEA-da 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır və həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb. Artıq bəzi epizodlarda ibtidai istintaqın tamamlandığını söyləyən Baş prokuror cinayət işlərinin baxılması üçün məhkəməyə göndərildiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top