Əmlak məsələləri Dövlət Xidmətinin bu addımı Nərimanov bələdiyyəsinə niyə gərginlik yaradıb?

GÜNDƏM 23 may 2022, 09:22
Bu gün Nərimanov bələdiyyəsinin inzibati bina məsələsiylə bağlı məhkəmə çəkişməsi davam edir.

Mövzu ətrafında yaranmış real vəziyyəti dəfələrlə ictimailəşdirməklə bələdiyyənin qarşılaşdığı problemi geniş auditoriyanın da tanış olmasına və münasibət bildirilməsinə çalışmışıq. Təəssüf ki, mövcud vəziyyət bizi yenidən bu mövzuya qayıtmağa məcbur etdi. Əvvəlcə mövzu ilə əlaqəli apardığım son yazışmalara toxunaq.

***

Qeyd edim ki, Belediyye.info saytının səhifələrində yer alan “Bir çıxarışın yaratdığı gərginlik” yazısında Nərimanov bələdiyyəsinin üzləşdiyi problemə geniş şəkildə toxunulmuşdu. Həmin yazıdan qaynaqlanan vacib bir suala 18 yanvar 2022-ci il tarixində aydınlq gətirilməsi üçün İqtisadiyyat Nazirliyinin rəsmilərinə müraciət unvanlamışdım.

Sorğu belə idi: “Bakı şəhəri, Təbriz küçəsi on ünvanında yerləşən, 2016-cı ildə pilot layihə proqramına salınan, tikintisinə başlanılan və söküntüsü başa çatdıqdan sonra, Əmlak məsələləri Dövlət Xidmətinin balansında olan 1409 kv.m-lik əraziyə çıxarış hansı əsasla verilib? Bunun üçün qanunla tələb olunan prosedurlar necə və hansı formada yerinə yetirilib?”

Bizim bu müraciətimizə nazirliyin 43 gündən sonra cavabladığı mənasız cavab bizi narazı saldığından yenidən nazirliyə bir qədər konkret formada müraciət edəsi olduq. Təəssüf edirəm ki, bu qədər günlər keçəndən sonra göndərilən cavabda müraciətimizə dolğun və əsaslandırılmış cavab əvəzinə tamam başqa bir məqamın vurğulanması əslində bizi həm də vətəndaş cəmiyyətinin təmsilçisi olaraq hiddətləndirmişdi.

Birinci müraciətimizə ünvanlanan cavab məktubundan hiss olunur ki, məktubu imzalayan və hazırlayan şəxslər bizim müraciətmizi ümumiyyətlə oxumayıblar. Oxumuş olsaydılar yəqin ki, bizim məqsədimizi hiss edər və “Vətəndaş müraciətləri haqqında” Qanunun 7.5, 7.7, 10.2 maddələri üzrə olan tələblərini pozmazdılar. Belə ki, birincisi əsaslandırılmamış cavab verilib, ikinicisi məktubun ləngiməsi barədə vətəndaşa, yəni bizə, xəbərdarlıq məktubu göndərilməyib. Etiraf edək ki, nazirlik rəsmilərinin bu cür başdansovdu cavabı ölkəmizdə vətəndaş məmnunluğunu layiqincə təmin edilməsini şübhə altna alır.

Növbəti müraciətmizi bir qədər sadə dildə aydınlıq gətirməyə çalışdıq və bu məqsədlə onu üç hissəyə ayırdıq. Suallar belə idi.

1. Pilot layihənin ərazisinə düşən dövlət əmlakı özlələşdirilməyə çıxarıla bilərmi?

2. Əmlak məsələləri Dövlət Xidməti Təbriz küçəsi 10 ünvanında olan dövlət əmlakını hansı əsasla satışa çıxarıb, bununla yanaşı əgər satışa çıxarılmışdısa onda həmin əmlakın bir hissəsində 20 il ərzində fəaliyyət göstərən Nərimanov bələdiyyəsinə niyə təklif edilməyib?

3. Ümumiyyətlə, bu çıxarışın verilməsi zamanı qanunun tələb etdiyi prosedurlar gözlənilibmi?

Beləliklə, 17 mart tarixində nazirliyə ünvanladığımız ikinci məktuba 05 apreldə cavab aldıq. Bu dəfəki müraciətimizi Əmlak məsələləri Dövlət xidmətinin rəis müavini Elcin Yusubov imzalamış və suallara aşağıdakı kimi cavab verilmişdi.

Məktubda qeyd edilir ki, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 9.2.3-cü bəndinə görə dövlət əmlakının özəlləşdirilməsi zamanı bələdiyyə orqanları alıcı kimi çıxış edə bilməzlər.

Eyni zamanda nəzərinizə çatdırırq ki, mövcud qanunvericilikdə pilot latyihələrin ərazisinə düşən dövlət əmlakının özəlləşdirilməsində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Odur ki, müraciətinizdə qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən dövlət mülkiyyətində olan 1409 kv.m qeyri yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilımiş dövlət əmlakının səmərəli istifadə olunması tədbirləri” haqqında 6 sentybar 1997 ci il tarixli 629 saylı Fərmanına uyğun olaraq icarəyə verilmiş və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanıyla təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirlıməsi” haqqında əsasnaməyə uyğun olaraq icarəçi tərəfindən özələşdirilmişdir.

Xidmət rəsmisinin cavabını oxuyarkən diqqətimi iki məqam çəkdi: birincisi alqı-satqı əməliyyatlarında bələdiyyə iştirak edə bilməz? Sual olunur-Niyə iştirak edə bilməz? İkinicisi dövlət əmlakının özləlləşdirilməsi zamanı istinad edilən qanunların hamısı bələdiyyələrin formalaşdığı ildən əvvəl qəbul edilib. Əmlak məsələləri Dövlət Xidmətinin rəsmilərindən soruşmaq lazımdır ki, hansı səbəbdən iyirmi il ərzində qanunlarda bələdiyyələrə üstünlük verə biləcək hər hansı dəyişikliyin edilməsiylə bağlı təkliflərlə çıxış etməyiblər? Təəssüf ki bu gün, Əmlak məsələləri Dövlət xidməti bələdiyyələrə gərginlik yaradan qurumlar sırasında birinciliyi əldən vermək niyyəti yoxdur.

***

Beləliklə, söhbət ondan gedir ki, 2021-ci ilin may ayında Nərimanov bələdiyyəsinin 20 ilə yaxın bir müddətdə fəaliyyət göstərdiyi və Nərimanov Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan inzibati bina pilot layihə proqramına düşdüyündən, layihənin icraçısı “INTEKS” MMC” tərəfindən binanın söküntüsünə başlanıldığından, Nərimanov bələdiyyəsiylə imzalanan müqaviləyə əsasən binanın söküntüsünə start verilmiş və bələdiyyə “İNTEKS” MMC-nin təklifi ilə Nərimanov rayonu, Sabit Rəhman küçəsindəki eyni həcmli binaya MMC tərəfindən icarə haqqı ödənilməklə kirayəyə köçürülmüşdür. 2021- ci ilin sonunadək icarə haqqı MMC tərəfindən ödənilsə də, artıq cari ilin yanvar ayından etibarən icarə haqqının ödənilməsi dayandırılmışdır. MMC bunu onlara N.Əliməmmədovun müraciətinə əsasən etdiyini səbəb kimi gətirsə də, bu gün N.Əliməmmədovun ortalıqda olmaması, açığı Nərimanov bələdiyyəsinin də kollektivində şübhə yaradır. Sual yaranır ki, pandomiyanın yaratdığı gərginlik vaxtında alqı-satqı əməliyatı necə və hansı formada təşkil edilib, yaxudda ümumiyyətlə bu proses keçirilibmi.

Əlavə edək ki, Nərimanov bələdiyyəsindən əvvəl isə ikimərtəbəli binada məskunlaşan 20-dən artıq məcburi köçkün ailəsi “Qaçqınkom” və şirkət rəhbərliyi tərəfindən köçürülmüşdür. 2021-ci ilin may ayının sonunadək köçürülmə başa çatdırıldıqdan sonra iyun ayında binanın söküntüsünə başlanılmışdır. Təsəvvür edin ki, yeni binanın bünövrəsi üçün qazılan ərazidə layihə üzrə işlər davam etdiyi bir vaxtda sökülmüş bina 12 oktyabr 2021-ci il tarixdə Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə (müqavilə № 289, rəsmi qeydiyyat № 648332) Əmlak məsələləri Dövlət Xidməti tərəfindən satışa çıxarılmış və Natiq Əliməmmədov adlı şəxsə satılmış və ona 16.11 2021-də çıxarış verilmişdir. Sökülmüş binaya çıxarış necə və hansı əsasda verilib? Bu məqam sanki dünyasını dəyişmiş insanın adına şəxsiyyət vəsiqəsinin verilməsi prosesinə bənzəyir. Maraqlıdır, deyilmi?

İkinci bir məqam isə alqı-satqının dəyəri ilə bağlıdır. Yəni N.Əliməmmədov alqı-satqı müqaviləsinə əsasən 1409 kv.m-lik dövlət əmlakına görə Əmlak məsələləri Dövlət xidmətinin hesabına 900.000 manat vəsait köçürüb. Belə çıxır ki, alıcı 1409 kv.m-in hər kvadratına 639 manat ödəməli olub. Bu məqamda sual olunur alıcı o vəsaiti necə əldə edib. İkincisi, sahibkar kimi vergi ödəyirmi? Üçüncüsü, Bakının mərkəzi hissəsində kv.m-i 639 manata olan əmlakın satışı realdırmı? Açıq etiraf edək ki, 1409 kv.m-lik ərazinin 900.000 manat qiymətləndirilməsi heç də real görünmür, həqiqəti əks etdirmir. Bunu müraciət etdiyim riyeltorların hər biri təsdiq etdi.  

Bizim ünvanladığımız sualın üçüncü hissəsi məhz bu alqı-satqı zamanı qanunun tələb etdiyi prosedurların gözlənilməsiylə bağlı idi. Xidmət rəsmisinin cavabında belə başa düşmək olar ki, hər bir atılan addım qanunuyğun şəkildə aparılıb. Əgər belədirsə, qanunlarımızda söküntüsü həyata keçirilən əmlakın alqı-satıqısının və çıxarışın verilməsi də öz əksini necə və hansı şəkildə tapıb. Xidmət bu məqama da bir aydınlıq gətirsəydi yaxşı olardı.

Təsadüfdən, ikinci cavab məktubumuzu və N.Əliməmmədovla olan alqı-satqı müqaviləsini məhz xidmət rəisinin müavini Elçin Yusubov imzalayıb. Xidmət rəsmisi imzaladığı müqavilədə göstərilən ünvan haqqında niyə ətraflı məlumat almayıb. Maraqlıdır, binanın balansında olduğu Nərimanov MKTB-nin və icarəçi qismində Nərimanov bələdiyyəsinin həyata keçirilən bu alqı-satqıdan niyə məlumatları olmayıb. Bu gün həmin alqı-satqı müqaviləsinin necə və hansı şəraitdə aparılması da sual altındadır. Məhz həmin xidmətin sələfi olmuş Dövlət əmlakın idarə edilməsi üzrə Dövlət komitəsi Nərimanov bələdiyyəsi hələ 2008-ci ilin avqust ayında Nərimanov bələdiyyəsinə 408.8 kv.m ərazini aylıq 224.84 manat olmaqla illik 2.698 manata icarəyə vermiş və bununla bağlı 8457 saylı icarə müqaviləsi imzalamışdır. Xidmətin bu müavilədən xəbərləri yoxdurmu? Hətta xidmət Nərimanov bələdiyyəsiylə icarə haqqının ödənilməməsiylə bağlı 2018-ci ildə məhkəməyə müraciət edib və həmin ilin oktyabrında “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsiylə” bağlı iddianı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakmi Rüstəm Kərimli təmin edib. Bələdiyyədən bununla bağlı bildiriblər ki, bələdiyyənin maliyyə vəziyyətinin kritik həddə olması səbəbindən 1.341 manat icarə haqqını vaxtında ödənilmədiyindən keçmiş komitə (indiki xidmət) bələdiyyəyə qarşı iddia qaldırmışdı.Məhz bundan sonra bələdiyyə tərəfindən ödənişlərdə ləngimələr olmamış və ən əsası 2021-ci lin sonunadək icarə haqqı Nərimanov bələdiyyəsi tərəfindən ödənilmişdir.

Belə olan halda ikinci bir icarəçi haradan çıxdı? Bir daha sual olunur Əmlak məsələləri Dövlət xidməti rəsmilərinin bütün bunlardan xəbəri olmaya bilərdimi?

Beləliklə, Naitq Əliməmmədovun alqı-satqıdan sonra dərhal çıxarış aldıqdan sonrakı tələbi ona çatmalı olan icarə haqqı ilə bağlı olub. Yəni Nərimanov bələdiyyəsinə ödənilən icarə haqqının ona verilməsiylə bağlı məhkəməyə müraciət edib. Nərimanov məhkəməsinin hakmi xanım Gültəkin Əsədovanın iki dəfə keçirdiyi məhkəmə baxışına Nərimanov bələdiyyəsinin xəbərdar etməməsi, göndərdiyi məktubların isə prosesdən sonra bələdiyyəyə çatdırılması istənilən halda müəyyən şübhəli və qaranlıq məqamların olduğunu ortaya qoyur. Hər halda bu bir ehtimaldır. Ancaq məhkəmə növbəti addımlarında bu məqamların yaranmamasına çalışmalıdır.

Nəticə etibariylə hansı qənaətə gələ bilərik:

İlk olaraq Nərimanov bələdiyyəsinə ödənilən icarə haqqının müqavilə üzrə ödənilməsi dayandırıldığı vaxtdan bərpa edilməli və ən əsası N.Əliməmmədovun adına verilmiş çıxarışın və bununla bağlı həyata keçirilmiş alqı-satqı müqaviləsinə yenidən baxılmalı və hüquqi qiymət verilməlidir.

Əmlak məsələləri Dövlət xidməti isə vətəndaş müraciətlərinə ünvanlanan cavabların mətninə diqqətli olmalı, vətəndaşı narazı salmamalı və cənab Prezident İlham Əliyevin daim söylədiyi “məmur xalqın xidmətçisidir” fikrinə əsaslanaraq vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmalıdır.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

P.S. Yazıda adların gedən qurum və şəxslərinn hər birinin fikirlərini saytda yerləşdriməyə hazırıq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top