Xəzərdə nərə balıqlarına rast gəlinməməsinin səbəbi nədir?

SOSİAL 25 yan 2022, 15:49
İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb.

Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.

Xəzər dənizində bu ölçüdə balıqlara davamlı olaraq rast gəlinməməsinin səbəbləri barədə Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov məlumat verib.

Onun sözlərinə görə, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa üstünlük təşkil edir. Bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır.

Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər.

“Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir”, - deyə bildirən tədqiqatçı son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinmədiyini vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, son 30 ildə Xəzər dənizində son nərəkimilərin sayı 30 dəfəyə kimi azalıb:

“Bu iqlim dəyişikliyi, brakonyerlik və çayların suyunun azalması ilə əlaqədardır. Kür çayına tökülən suyun həcmi 40-50 faiz azalıb ki, buna görə də, balıq kürü tökmək üçün həmin yerə girə bilməyərək başqa yerə miqrasiya edir. Nəticədə  Ural çayı daha əlverişlidir.

Əgər Kürdə suyun səviyyəsi artarsa, balıqların kürüləməsinə şərait yarana bilər. Son məlumatlara görə, kürün dərinliyi təxminən 2 metr aşağı düşüb. Xəzərin şimal hissəsində böyük balıqlara daha çox rast gəlinməsinin səbəbi kürü tökməyə gedən balıqların olmasıdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top