Baş epidemioloqun səs yazısı ətrafında qalmaqal — İki qütb arasındakı HAQQ

SOSİAL 05 iyl 2020, 15:58

Mütəxəssislər burada etik davranışı daha çox önə çəkirlər, lakin məsələnin digər aspektləri də var

 

Baş epidemioloq İbadulla Ağayevin yayılan səs yazısı jurnalistlər arasında birmənalı qarşılanmır. Kimi epidemioloqun hazırkı vəziyyətdə ictimai yükünü qabardaraq, səs yazısını yayan jurnalist tərəfindən çıxış edir, kimi isə bunun etik olmadığını düşünür.

 

Qeyd edək ki, səs yazısında baş epidemioloq rayonda olduğunu və televiziyadan, internetən uzaqda, hər şeydən xəbərsiz qaldığını deyib. Daha sonra səs yazısının yayıldığı xəbərinə reaksiya verən İbadulla Ağayev həmin saytı məhkəməyə verəcəyini bildirib.

 

Türkiyə Atatürk Universiteti Sosial Elmlər İnstitutunun Jurnalistika ixtisası üzrə doktorantı Nurlan Ağa (Salamov) AYNA-ya deyib ki, hər şeydən öncə etik davranış gəlir: “Jurnalistikada öyrədilən qaydalardan biri odur ki, müsahibimizlə danışarkən ona səs yazısı etdiyimizi bildirməliyik. Bütün peşələrdə etik məsələlər çox ciddi önəm daşıyır. Təkcə jurnalist etikasında yox, tibbi, pedaqoji, elmi sahələrdə də etik baxımdan nə qədər pozuntularla rastlaşırıq. Jurnalist materialları isə demək olar, tam fərqlidir. Bilirsiniz, işin bir hüquqi, bir də etik tərəfi var. Hüquqi pozuntuya görə qanun qarşısında məsuliyyət daşındığı halda, etik pozuntu ictimai qınaqla rastlaşır. Etik pozuntu qeyri-peşəkarlıqdan qaynaqlanır”.

“Səsli açıqlama zamanı müsahibə mövzu haqqında məlumat verildikdən sonar, açıqlama almağa başlayarkən, mütləq onun səsinin qeydə alındığını demək, hətta buna görə icazə də almaq lazımdır. Səsinin yazılmasına icazə verməmək qarşı tərəfin ən təbii hüquqlarından biridir. Müsahib “mən səsli açıqlama vermirəm, istədiyiniz suala cavabı yazılı göndərəcəyəm” deyə bilər”, - doktorant bildirib.

 

Baş epidemioloqun yayılan səs yazısına görə haqqında yanlış informasiya yayanları məhkəməyə verəcəyinə dair problemə toxunan Nurlan Ağanın sözlərinə görə, bu halda jurnalistin əlində səs yazısına icazə verildiyi hissə olsa, bu, çox böyük dəlil olacaq: “Ümumiyyətlə, çalışmaq lazımdır ki, açıqlamaların, səsli müsahibələrin qeydləri uzun müddət saxlanılsın, heç olmasa, bir il. Çünki bu müddət ərzində hər hansı bir problem baş versə, işinizi ehtiyatlı tutmuş olarsınız. Jurnalist operativlik dərdinə düşüb gələcəyi yaddan çıxarmamalıdır, işini hər tərəfdən sğortalamalıdır”.

 

Müsahibimiz qeyd edib ki, KİV-in hüquqi tənzimlənməsi prosesində də ictimai yüklü məsələlər zamanı gizli səs və ya videoyazma doğru hesab oluna bilər: “Epidemioloqun açıqlaması ictimai qınağa, məmurun işindəki məsuliyyətsizliyi aşkarlamağa hesablanmışdı və alındı da. Eyni zamanda, nəzərə alsaq ki, COVID-19 təkcə Azərbaycanda yox, bütün dünyada pandemiya olaraq qlobal problem hesab olunur, o zaman bu mövzu ilə bağlı həkimin həmin tərzdə yanaşması, açıqlaması heç bir halda düzgün deyildi”.

 

Nurlan Ağa “Ekstremal vəziyyətlərdə, ələlxüsus da indiki pandemiya dövründə jurnalist necə davranmalıdır ki, həm cəmiyyətə lazımlı, vacib informasiyanı vaxtında çatdıra bilsin, həm də etik prinsipləri çeynəmiş olmasın?” sualımıza belə cavab verib: “Jurnalistikanın beynəlxalq doktrinaları, etik kodeksləri var. İllərdir bu mövzuda konfranslar keçirilir, nizamnamələr qəbul olunur, amma bir diqqət edək: müxbirlər nə qədər savadlıdırlar, nə qədər ehtiyatlıdırlar? IP və ya “xəbər partlatmaq”la jurnalist olub, nəinki etik, heç digər məsələlərə də bələd olmayanlar var. Elə buna görə də çox vaxt IP ilə partlayacaq xəbər elə jurnalistin öz başında partlayır. Yaxşı olar ki, hər bir redaksiyanın öz, daxili etik nizamnaməsi də olsun”.

 

“Məsələn, BBC-nin Redaksiya Təlimatları var, burada uşaqlarla bağlı materialların hazırlanmasına dair ayrıca bloklar yer alır. Jurnalistlər maariflənməli, zaman-zaman, lap məcburi şəkildə də olsa, etika və hüquq mövzulu seminarlara, təlimlərə göndərilməli, ekstremal vəziyyətlərə, qlobal məsələlərə dair xüsusi etik və hüquqi qaydaları bilməlidirlər. Hər baxımdan, hər mövqedən bütün problemlərin kökü bilgisizlikdə, çarəsi isə bilgidədir”, - Türkiyədə yaşayan həmyerlimiz əlavə edib.

Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu isə AYNA-ya açıqlamasında, sözügedən məsələdə hüquqi faktor olmadığını deyib: “Jurnalist informasiyanı ilkin mənbədən almaq üçün müraciət edib, qarşı tərəfə də vəziyyəti bildirir. Açıqlama alınan şəxs vəzifə səlahiyyətləri olan şəxs olduğu üçün, bir qədər fərqli açıqlama da verə bilərdi. Lakin çox səmimi şəkildə deyir ki, uzaqdayam, xəbərim yoxdur. Bu məqamda jurnalistin bunu yayması ilə məsələ ictimai əhəmiyyət və etik məsələ arasında qalır”.

 

“Yayılan səs yazısının bir tərəfdən ciddi ictimai əhəmiyyəti var, çünki məlum məsələdir ki, ölkədə virus ciddi şəkildə tüğyan edir. Bu aspektdən yanaşdıqda, həmin şəxs mövcud vəziyyətlə bağlı ciddi informasiya alınacaq tərəfdir. Yox, əgər ictimai əhəmiyyətli məsələ olmasaydı, səs yazısının yayılması etik idi, yoxsa yox - bunu müzakirə etmək olardı. Mən indiki halda düşünmürəm ki, burada jurnalistin böyük qəbahəti var. Düzdür, bir qədər etik çərçivədən kənarda olsa da, jurnalist bunu yayıb. Qeyd edək ki, jurnalistin müsahibinə səsini yazdığı, aldığı müsahibəni yayımlayacağı haqda məlumat verməsi vacibdir. Əgər müsahib səsinin yayılmasını istəməsə, bu, etik məsuliyyət yaradır”, - Əhmədoğku vurğulayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top