ABŞ-ın Kaliforniya ştatında, Dana Point sahillərində yerləşən məşhur "Ritz-Carlton" hotelinin yaxınlığındakı yamacda böyük çat əmələ gəlib. Bu hadisə bölgədə torpaq sürüşməsi təhlükəsi ilə bağlı narahatlığı artırıb. Cəmi bir neçə gün əvvəl 600 milyon dollara satılan lüks hotelin yerləşdiyi ərazi güclü yağış və rekord səviyyəli qabarma-çəkilmə hadisələri ilə üz-üzədir.
Denokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yaranan çat sörf həvəskarlarının üz tutduğu Salt Creek çimərliyinə baxan sahil qayalığında yerləşir. Ərazidə turistlərin, ailələrin və yerli sakinlərin istifadə etdiyi piyada yolu da təhlükə altındadır.
Hadisənin video görüntülərlə qeydə alındığı bildirilir. Çatın dəqiq dərinliyi hələ müəyyənləşdirilməsə də, yaxınlaşan güclü yağışlar və atmosfer çayları adlandırılan intensiv yağıntı sistemləri səbəbindən torpaq sürüşməsi riskinin artdığı qeyd olunur.
Yerli sakinlər xüsusilə uşaqlı ailələrin və çimərliyə üz tutan insanların təhlükə ilə üzləşə biləcəyindən narahatdırlar. Onlar aidiyyəti qurumları ərazidə təcili təhlükəsizlik tədbirləri görməyə çağırıblar.
Mütəxəssislər Cənubi Kaliforniya sahillərində müşahidə olunan təbii proseslərə diqqət çəkirlər. ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatlarına görə, sahil sularının səviyyəsi normadan 15-30 santimetr yüksəkdir.
Bundan əvvəl, ötən ay eyni bölgənin bir neçə kilometr şimalında yerləşən Crystal Cove Dövlət Parkı yaxınlığında da ciddi problem qeydə alınıb. Sakit Okean Sahil Magistralının altında təxminən 110 metr uzunluğunda və 60 santimetr enində çat yaranıb. Yolun möhkəmləndirilməsi üçün 10 milyon dollardan artıq təcili vəsait ayrılıb.
373 otaqlı "Ritz-Carlton Laguna Niguel" hotelinin satışından sonra ərazidə baş verən hadisə xüsusi diqqət çəkib. Müəssisə bir neçə gün əvvəl "KSL Capital Partners" investisiya şirkətinə 600 milyon dollara satılıb.
Bu əməliyyat Orange County tarixində ən yüksək məbləğli hotel satışı kimi qeydə alınıb.
İndi isə milyonlarla dollarlıq hotelin yerləşdiyi sahil ərazisi təbii fəlakət riski ilə qarşı-qarşıyadır. Yaranmış çatın genişlənməsi və mümkün torpaq sürüşməsinin qarşısının alınması üçün ərazidə təhlükəsizlik məsələsi aktuallaşıb.


