YapiKredi Müraciət Forması
Sosial

Elnur Eltürk: Azərbaycan dövləti də türkmanlarla bağlı proseslərə xüsusi diqqət yetirir

Elnur Eltürk: Azərbaycan dövləti də türkmanlarla bağlı proseslərə xüsusi diqqət yetirir

O, Kərkükə rəhbərlik edən ikinci türkman olacaq. Bundan əvvəl İraq Türkman Cəbhəsinin sədri olmuş Mehmet Seman Ağa da bir müddət əvvəl İraq hökumətində dövlət naziri vəzifəsinə təyin edilib.

Bu, kifayət qədər əhəmiyyətli hadisədir. Artıq bu faktın özü türkmanların ölkənin siyasi və ictimai həyatında nüfuzunun artdığını göstərir.

Bu fikirləri Diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk bildirib.

Onun sözlərinə görə, türkmanların seçkili və icra hakimiyyəti orqanlarında təmsilçiliyinin artması, siyasi proseslərdə daha fəal iştirak etməsi mühüm göstəricidir. Bütün bunlar təsadüfən baş vermir və ayrı-ayrı hadisələr kimi qiymətləndirilməməlidir.

Bu proses, eyni zamanda, qardaş Türkiyənin İraqda nüfuzunun artması ilə də bağlıdır. Türkiyə İraq hökuməti ilə siyasi, iqtisadi və mədəni əlaqələrini getdikcə gücləndirir. Türkmanlar isə bu münasibətlərdə mühüm körpü rolunu oynaya bilər və artıq oynayırlar.

Elnur Eltürk Azərbaycan dövlətinin türkmanlarla bağlı həyata keçirdiyi siyasətə də toxunub.

Azərbaycan dövləti də türkmanlarla bağlı proseslərə xüsusi diqqət yetirir. Türkmanlar dil baxımından Azərbaycan türklərinə yaxındırlar. Bundan əlavə, Azərbaycanı çox sevirlər. Son illərdə türkman şairlərinin, alimlərinin və nüfuzlu ictimai xadimlərinin ölkəmizə səfərləri intensivləşib.

Bakıda fəaliyyət göstərən "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyi ədəbiyyat və mədəniyyət istiqamətində mühüm layihələr həyata keçirir. Bu fəaliyyət, eyni zamanda, Azərbaycanın Kərkükə və bütövlükdə türkmanlara münasibətinin, onların xalqımız üçün nə qədər doğma və əziz olduğunun göstəricisidir.

"Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev və rəhbərlik etdiyi kollektiv türkman irsinin öyrənilməsi və təbliği istiqamətində xüsusi fəallıq nümayiş etdirirlər. Onlar türkman mədəniyyətinin və ədəbiyyatının tanınmış nümayəndələri ilə mütəmadi görüşlər keçirirlər. Bu görüşlər türkman irsinin Azərbaycan cəmiyyətinə daha yaxından tanıdılmasına mühüm töhfə verir.

Elnur Eltürk qeyd edib ki, türkmanların İraqın siyasi və ictimai həyatında fəallığı artdıqca Türk dünyasının diqqəti də bu bölgəyə daha çox yönələcək.

"Bu, həm İraqdakı türkmanların mövqelərinin möhkəmlənməsi, həm də Türk dünyasının ortaq tarixi, mədəni və mənəvi bağlarının daha da güclənməsi baxımından böyük əhəmiyyət daşıyır", – deyə Elnur Eltürk vurğulayıb.