Meksikanın ən güclü cinayətkar qruplaşmalarından biri olan Qvadalaxara kartelinin qurucusu Migel Anxel Feliks Qalyardo 80 yaşında vəfat edib.
Demokrat.az xəbər verir ki, Xalisko ştatının Təhlükəsizlik Katibliyindən verilən açıqlamada bildirilir ki, səhhəti kritik vəziyyətdə olan və həkim nəzarətində saxlanılan Feliks Qalyardo çoxsaylı orqan çatışmazlığı səbəbindən tibb müəssisəsində dünyasını dəyişib.
40 illik həbs cəzasını Xalisko ştatındakı Puente Qrande həbsxanasında çəkən narkobaron noyabrın 13-də səhhətinin pisləşməsi səbəbindən ciddi mühafizə altında Qvadalaxaradakı özəl xəstəxanaya yerləşdirilmişdi. Onun aşağı oksigen səviyyəsi və xroniki xəstəliklərdən əziyyət çəkdiyi bildirilirdi.
Meksikada narkotik ticarəti tarixinin ən nüfuzlu cinayətkarlarından biri hesab edilən Qalyardo 1989-cu ildən həbsdə idi. O, 1985-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) gizli agenti Enrike Kamarena Salazarın qətlə yetirilməsinə görə məhkum olunmuşdu. Bu hadisə ABŞ-Meksika münasibətlərində uzun müddət ciddi iz buraxıb.
1946-cı il yanvarın 8-də Meksikanın Sinaloa ştatında anadan olan Feliks Qalyardo 1980-ci illərdə Qvadalaxara kartelini yaradıb. O, Meksikadan ABŞ-a narkotik daşınmasını vahid şəbəkə altında birləşdirən əsas fiqurlardan biri olub.
Keçmiş polis əməkdaşı olan Qalyardo Rafael Karo Kintero və Ernesto Fonseka Karrilyo ilə birlikdə ölkənin ən böyük narkotik ticarəti şəbəkələrindən birini formalaşdırıb. Kolumbiyalı narkotik qaçaqmalçıları ilə strateji əməkdaşlıq quraraq kokain ticarətinin genişlənməsində də mühüm rol oynayıb.
Ömrünün son illərində hipertoniya, diabet, qismən görmə itkisi və eşitmə qabiliyyətinin zəifləməsi kimi ciddi sağlamlıq problemlərindən əziyyət çəkən Qalyardonun ölümü Latın Amerikası mütəşəkkil cinayət tarixində mühüm bir dövrün başa çatması kimi qiymətləndirilir.


