Estoniya ilə Rusiya arasında gərginlik yeni mərhələyə yüksəlib. Estoniya hakimiyyəti pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Threod Systems" şirkətinə qarşı törədilən ehtimal olunan təxribatdan sonra Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamaq qərarı verib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.
Qərara əsasən, Rusiyaya gedən və bu ölkədən Estoniyaya gələn bütün sərhəd-keçid məntəqələri dekabrın 1-dən etibarən bağlanacaq. Təhlükəsizlik orqanları hücumun Rusiyanın Hərbi Kəşfiyyat İdarəsi (QRU) tərəfindən sifariş edildiyini iddia edir. Rusiya tərəfi isə hadisə ilə bağlı ittihamları hələlik qəbul etməyib.
Həftəsonu uzaqmənzilli zərbə və kəşfiyyat dronları istehsal edən müdafiə şirkətinə qarşı törədilən təxribat cəhdi ilə əlaqədar səkkiz nəfər saxlanılıb. Estoniyanın Daxili Təhlükəsizlik Xidməti (KAPO) hücumun binanı yandırmaq məqsədi daşıdığını açıqlayıb.
Estoniyanın Baş naziri Kristen Mixal sərhədlərin bağlanmasını mümkün yeni hücumların qarşısını almaq və ölkənin müdafiə sənayesinə qarşı təhdidlərə sərt mesaj vermək məqsədi ilə izah edib.
Baş nazir baş verənləri Estoniyanın Ukraynaya göstərdiyi davamlı dəstəklə əlaqələndirib. Onun sözlərinə görə, Rusiyanın məqsədi Estoniyanı qorxutmaq, tərəddüdə salmaq və Kiyevə yardımını zəiflətməkdir.
"Estoniyanın cavabı bunun əksi olacaq. Təhlükəsizliyimizi gücləndirəcək, müttəfiqlərimizlə əməkdaşlığı genişləndirəcək, Rusiyaya təzyiqi artıracaq və Ukraynaya dəstəyimizi davam etdirəcəyik", – deyə Mixal bildirib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna da Rusiyanın ölkəyə qarşı düşmənçilik xarakterli addımlarının cavabsız qalmayacağını vurğulayıb.
Qeyd edək ki, Estoniyanın Rusiya ilə üç sərhəd-keçid məntəqəsi var. Bunlar şimalda Narva, cənubda isə Koidula və Luuhamaa keçid məntəqələridir. Onların nə qədər müddətə bağlı qalacağı hələ açıqlanmayıb.
Bu, Rusiyaya aid edilən Estoniya müdafiə sənayesi müəssisələrinə qarşı ikinci təxribat cəhdidir. Avqust ayında "Milrem Robotics" şirkətinə məxsus obyektə də yanğın törətmək məqsədilə hücum edilmişdi. Estoniya təhlükəsizlik orqanları həmin hadisənin Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirildiyini bildirmişdi. Kreml isə bu ittihamları əsassız adlandıraraq Moskvanın hadisə ilə əlaqəsini rədd etmişdi.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Estoniyanın qərarına sərt reaksiya verib. O, "TASS" agentliyinə açıqlamasında sərhədlərin bağlanmasının gerçəkləşəcəyi təqdirdə bunun Rusiyaya qarşı aqressiv və nəzarətsiz düşmənçiliyin növbəti nümunəsi olacağını bildirib.
Avropa ölkələrinin kəşfiyyat xidmətləri son dövrlər müdafiə sənayesi müəssisələrinə qarşı mümkün təxribatlar və Rusiya ilə əlaqələndirilən sabotaj fəaliyyətləri barədə xəbərdarlıqlarını artırıblar. Onların məlumatına görə, Avropa İttifaqı və NATO ölkələrində belə əməliyyatlar üçün sosial şəbəkələr və onlayn mesajlaşma platformaları vasitəsilə şəxslərin cəlb edilməsi cəhdləri də müşahidə olunur.


