YapiKredi Müraciət Forması
Dünya

Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi

Trampın və məşhur şirkətlərin X hesablarına hücum edildi

ABŞ Prezidenti Donald Tramp, "Burger King" və "McDonald"s" kimi tanınmış şirkətlərin sosial şəbəkə hesablarında illər əvvəl paylaşılan bəzi keçidlərin istiqaməti naməlum şəxslər tərəfindən dəyişdirilib.

Demokrat.az xəbər verir ki, kiberhücum edən şəxslər "Bitly" link qısaltma xidmətindəki boşluqdan istifadə edərək, köhnə paylaşımlardakı keçidlərin yönləndirildiyi ünvanları dəyişdiriblər.

Məlumata əsasən, "Burger King"in 2011-ci ildə paylaşdığı və əvvəllər restoran axtarış səhifəsinə yönləndirən keçid hazırda istifadəçiləri nasist həbs düşərgələri ilə bağlı Vikipediya məqaləsinə aparır. Şirkətin digər bir köhnə paylaşımındakı link isə Adolf Hitler haqqında səhifəyə yönləndirilir.

Oxşar hal "McDonald"s"ın sosial şəbəkə hesabında da qeydə alınıb. Şirkətin illər əvvəl paylaşdığı keçidlərdən biri dəyişdirilərək 2001-ci il sentyabrın 11-də ABŞ-də baş vermiş terror hücumları haqqında məqaləyə yönləndirilib.

Bildirilir ki, problem ABŞ Prezidenti Donald Trampın arxivləşdirilmiş paylaşımlarına da təsir göstərib. Nəşrin məlumatına görə, onun təxminən 20 köhnə paylaşımında istifadəçiləri üçüncü tərəf saytlarına, videolara və digər mənbələrə aparan keçidlər olub.

Qeyd olunur ki, bu hadisə şirkətlərin və ya şəxslərin sosial şəbəkə hesablarının ələ keçirilməsi ilə bağlı deyil. Söhbət əvvəllər "Bitly" vasitəsilə qısaldılmış linklərin son yönləndirmə ünvanlarının dəyişdirilməsindən gedir. Ehtimal olunur ki, kibercinayətkarlar mövcud qısa linklərdən istifadə edərək onların təyinat ünvanlarını yeniləyə biliblər.

"Burger King" dəyişdirilmiş keçidlərdən birinin yer aldığı paylaşımın silindiyini açıqlayıb. "McDonald"s" da müvafiq paylaşımı hesabından götürüb. Bununla belə, nə "McDonald"s", nə də "Bitly" məsələ ilə bağlı açıqlama verib. (Report)

NE
Nihadə Eyyubova