Uşaq böyüdən valideynlər üçün iş və ailə həyatını uzlaşdırmaq heç də həmişə asan olmur. Xüsusilə azyaşlı uşağı olan, onun qayğısına qalmaqla yanaşı, işləməyə də davam edən valideynlər bəzən iş saatlarının azaldılmasına ehtiyac duyurlar. Lakin hər kəs belə bir hüququn qanunvericilikdə nəzərdə tutulub-tutulmadığını və hansı hallarda işəgötürəndən qısaldılmış iş vaxtı tələb edə biləcəyini bilmir.
Valideynlər uşaqlarının yaşını və ailə vəziyyətini əsas gətirərək iş saatlarının azaldılmasını tələb edə bilərlərmi?
Demokrat.az-a bu barədə danışan Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, Əmək Məcəlləsinə edilən son dəyişikliklərdən biri də ailə vəziyyətinə görə işçilərə müəyyən güzəştlərin tətbiq olunmasıdır:

"Əgər ailə vəziyyəti tələb edərsə, işəgötürən imkan daxilində işçiyə şərait yaratmalıdır ki, o, gecə növbəsində işləməsin, ezamiyyətə göndərilməsin və digər bu kimi güzəştlərdən yararlana bilsin.
Bundan əlavə, Əmək Məcəlləsinin 94-cü maddəsində natamam iş vaxtı ilə bağlı müddəalar nəzərdə tutulub. Belə ki, işçinin səhhəti, fizioloji vəziyyəti, məsələn, hamilə olması, xroniki xəstəliyi olan uşağının və ya səhhətində problem yaşayan digər ailə üzvünün olması səbəbindən əmək funksiyalarını tam iş vaxtı ərzində yerinə yetirməsi mümkün olmadıqda, qarşılıqlı razılaşma əsasında ona natamam iş vaxtı təyin edilə bilər".
Onun sözlərinə görə, eyni zamanda, ailəsində əlilliyi olan uşağı olan işçilər üçün də qarşılıqlı razılaşma əsasında natamam iş vaxtı müəyyənləşdirilə bilər:
"Natamam iş vaxtı ilə çalışan işçilərin əməkhaqqı isə faktiki işlədikləri vaxta və ya faktiki hasil etdikləri məhsulun miqdarına uyğun olaraq hesablanır. Bu ödəniş həm işəmuzd, həm də vaxtamuzd əməkhaqqı sistemində müvafiq qaydada həyata keçirilir".


