ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra NATO ilə bağlı sərt addımlar ata bilər. Avropalı müttəfiqlər Ağ Evin rəhbərinin mümkün reaksiyasından narahatdır və ən pis ssenariyə hazırlaşırlar.
Demokrat.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Demokratlar Partiyasının Konqresin Nümayəndələr Palatasında, hətta Senatda çoxluğu əldə etməsi Trampın daxili siyasətdə imkanlarını məhdudlaşdıra bilər. Bu halda ABŞ prezidenti xarici siyasətdə daha sərbəst hərəkət edərək öz siyasi irsini formalaşdırmağa çalışa bilər.
Avropalı diplomatların ehtimallarına əsasən, belə bir vəziyyətdə Tramp Avropadan daha bir neçə min amerikalı hərbçinin çıxarılması təşəbbüsünü irəli sürə, NATO-nun ümumi büdcəsinə ABŞ-ın maliyyə töhfəsini azalda və Ukraynaya silah tədarükünü dəstəkləyən PURL proqramını məhdudlaşdıra bilər. Vaşinqtonun Rusiya ilə münasibətləri daha da yaxınlaşdırması ehtimalı da müzakirə olunur.
Narahatlıqların əsas səbəblərindən biri ABŞ-ın Avropadakı hərbi kontingentinin sayına yenidən baxılması ilə bağlı qərarın dekabr ayına qədər açıqlanmasının gözlənilməsidir. Hazırda ABŞ qanunvericiliyi Avropadakı amerikalı hərbçilərin sayının 76 min nəfərdən aşağı salınmasına məhdudiyyət qoyur.
"Defense Priorities" analitik mərkəzinin baş elmi əməkdaşı Cennifer Kavana hesab edir ki, ABŞ qoşunlarının daha genişmiqyaslı çıxarılması Avropa üçün ciddi problemlər yaradacaq. Xüsusilə hava hücumundan müdafiə, radioelektron mübarizə, kəşfiyyat, havada yanacaq doldurma və logistika sahələrində yaranacaq boşluğu avropalı müttəfiqlərin qısa müddətdə doldurması çətin olacaq.
Bununla belə, NATO daxilində Trampın alyansa dağıdıcı zərbə vuracağı ilə bağlı ehtimallara şübhə ilə yanaşanlar da var. Nəşr qeyd edir ki, avropalı müttəfiqlər mümkün qərarların miqyasını və nəticələrini əvvəlcədən dəqiq müəyyənləşdirə bilmirlər.
Jalə


