YapiKredi Müraciət Forması
Region Özəl

Nikolay Bordyuja: "Ermənistan KTMT-dən xaric edilməlidir"

Nikolay Bordyuja: Ermənistan KTMT-dən xaric edilməlidir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) xaric edilməlidir. Belə ki, o, təşkilatın fəaliyyətində iştirak etmədiyi halda, bütün qərarların qəbulu hələ də onun razılığını tələb edir.

Demokrat.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu bəyanatı KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja səsləndirib.

Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 2024-cü ildə Ermənistan təşkilatın nizamnaməsində nəzərdə tutulmayan bir addım ataraq, iştirakını "dondurduğunu" elan etdi və üzvlük haqlarını ödəməyi dayandırdı.

Bordyuja izah edib ki, əgər onlar iştiraklarını dayandırıblarsa, lakin təşkilatdan çıxmayıblarsa, deməli, KTMT-nin tamhüquqlu üzvü olaraq qalır.

"Tamhüquqlu üzv olduqları təqdirdə isə, KTMT-də konsensus yolu ilə qəbul edilən bütün qərarlar onların mövqeyi nəzərə alınmaqla verilməlidir. Lakin mövcud vəziyyətdə onların tutduğu mövqe, əslində, KTMT daxilində həyata keçirilən fəaliyyətlərlə ziddiyyət təşkil edir", - deyə keçmiş baş katib əlavə edib.

Onun fikrincə, İrəvanın KTMT-dən tamamilə çıxması şərəfli bir addım olardı. Əgər bunu etməsə, o zaman Ermənistan təşkilatdan tamamilə xaric edilməlidir.

"Mən onları xaric edərdim. Onlar üzvlük haqlarını ödəmirlər və fəaliyyətdə iştirak etmirlər. Əgər ciddi tərəfdaş olsaydılar, sadəcə çıxıb gedərdilər. Lakin onlar qeyri-müəyyən mövqe tuturlar – həm təşkilatı tərk etməkdən, həm də fəaliyyətdə iştirak etməkdən imtina edirlər. Buna görə də onlar təşkilatdan xaric edilməlidirlər", – deyə Bordyuja bildirib.

Qeyd edək ki, KTMT Baş katibi Talatbek Masadıkov bildirmişdi ki, Ermənistanın təşkilatdan xaric edilməsi məsələsi 2026-cı il noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında qaldırıla bilər. Onun sözlərinə görə, Ermənistan təşkilatın Nizamnaməsinin 20-ci və 25-ci maddələrini pozur.

Alparslan

Editor
Redaktor