Kotletin yumşaq və şirəli alınması üçün qiyməyə əlavə edilən soğanın həm hazırlanma üsulu, həm də doğranma forması mühüm rol oynayır. Bəs kotletə çiy soğan əlavə etmək yaxşıdır, yoxsa əvvəlcə qızartmaq lazımdır?
Demokrat.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri bu sualın cavabını araşdırıb.
Çiy, yoxsa qızardılmış soğan?
Soğan kotlet, düşbərə və digər qiymə yeməklərinin əsas inqrediyentlərindən biridir. O, ətin şirəli qalmasına kömək edir və yeməyə özünəməxsus dad verir. Lakin soğanın çiy və ya qızardılmış formada istifadə olunması yeməyin dadına təsir göstərir.
Çiy soğan qiyməyə birbaşa əlavə edildiyi üçün vaxta qənaət etməyə imkan verir. Bu üsul kotletlərə daha kəskin soğan dadı və ətri verir. Bununla belə, soğanın kəskinliyi və bəzən acımtıl dadı hər kəsin zövqünə uyğun olmaya bilər.
Soğanı əvvəlcədən qızartmaq isə onun kəskin qoxusunu azaldır, dadını daha yumşaq və bir qədər şirin edir. Bu üsul xüsusilə toyuq və balıq kotletləri hazırlayarkən yeməyin dadını zənginləşdirmək üçün əlverişli seçim ola bilər.
Beləliklə, seçim şəxsi zövqdən asılıdır: daha kəskin soğan dadı istəyirsinizsə, çiy soğandan istifadə edə, yumşaq və zərif dad əldə etmək üçün isə onu əvvəlcədən qızarda bilərsiniz.
Soğanı necə qızartmaq lazımdır?
Soğanı kiçik kublar şəklində doğrayın və bir qaşıq yağ əlavə edilmiş tavada təxminən 3-4 dəqiqə qarışdıraraq bişirin. Yüngül qızılı rəng aldıqda ocaqdan götürün. Soğan kotletin içində də bişəcəyindən onu tavada həddindən artıq qızartmağa ehtiyac yoxdur.
Bir kiloqram qiyməyə təxminən 200-300 qram soğan əlavə etmək tövsiyə olunur. Bu miqdar kotletlərin şirəli olmasına kömək edə bilər.
Kotlet üçün soğanı necə doğramaq lazımdır?
Soğanı bıçaqla xırda doğramaq, ətçəkən maşından keçirmək və ya sürtgəcdən keçirmək mümkündür. Ən uyğun üsul hazırladığınız yeməkdən və istədiyiniz nəticədən asılıdır.
Kotlet, düşbərə və küftə üçün soğanı sürtgəcdən keçirmək, blenderdə xırdalamaq və ya ətçəkən maşından keçirmək əlverişlidir. Bu zaman soğan qiyməyə bərabər qarışır və kotletin içində iri soğan parçaları qalmır.
Soğanı bıçaqla doğramaq da mümkündür. Lakin bu halda onu mümkün qədər xırda doğramaq vacibdir ki, kotlet bişənədək yumşalsın. Ətdən deyil, xırda doğranmış ətdən hazırlanan kotletlərdə isə digər inqrediyentlərlə eyni ölçüdə doğranmış soğan istifadə etmək daha məqsədəuyğundur.
Bir məqama da diqqət yetirmək lazımdır: qiyməyə yumurta və süddə isladılmış çörək kimi əlavə inqrediyentlər qatıldıqda, soğanın çox sulu olması kotletlərin formasını saxlamağını çətinləşdirə bilər. Belə hallarda artıq mayeni süzmək faydalıdır.
Jalə


