Gündəlik ərzaq alış-verişində xərclər artır, eyni məbləğə alınan məhsulların miqdarı isə azalır.
Bəs ərzaq qiymətlərinə təsir edən əsas amillər hansılardır və bəzi məhsulların qiymətinin artımını nə ilə izah etmək olar?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, bunun əsas səbəbi inflyasiyadır.

Onun sözlərinə görə, Azərbaycanda ərzaq inflyasiyası ümumi inflyasiyadan daha yüksəkdir.
"Bunun adına inflyasiya deyirik. Xüsusilə bizdə ərzaq inflyasiyası ümumi inflyasiyadan daha yüksəkdir. Yəni ərzaq daha sürətlə bahalaşır və marketlərdə satılan məhsulların qiymətləri daha sürətlə artır. Nəticədə eyni məbləğə alınan məhsulların miqdarı azalır.
Əsas amillərdən biri manatın dollara bağlı olmasıdır. Dolların alıcılıq qabiliyyəti azaldıqca, bu, manatla ifadə olunan qiymətlərə də təsir göstərə bilər. ABŞ-də də inflyasiya baş verir. Məsələn, idxal tariflərinin artırılması ölkə daxilində qiymətlərə təsir edir. Dolların alıcılıq qabiliyyətindəki dəyişikliklər isə digər bazarlara da ötürülə bilər.
Digər səbəb qlobal bazarlarda enerji qiymətlərinin artmasıdır. Neftin qiyməti yüksəldikdə bu, nəqliyyat xərclərinə və məhsulların istehsalında istifadə olunan xammalın dəyərinə təsir göstərir. Nəticədə qlobal qiymətlərin artması daxili bazarda da bahalaşmaya səbəb ola bilər.
Digər amil idxal bazarında rəqabətin səviyyəsidir. İdxal sahəsində rəqabət zəiflədikdə bazarda müəyyən şirkətlərin mövqeyi güclənə və bu, qiymətlərə təsir göstərə bilər.
Eyni zamanda, əvvəllər ölkədə istehsal edilən, lakin sonradan idxalına ehtiyac artan məhsulların qiymətində də yüksəlmə müşahidə oluna bilər. Qeyri-neft sektorunun inkişaf tempi qonşu ölkələrlə müqayisədə zəif olduqda, ərzaq da daxil olmaqla, müxtəlif məhsullar üzrə idxaldan asılılıq arta bilər.
Ərzağın digər məhsullarla müqayisədə daha sürətlə bahalaşması aztəminatlı insanların inflyasiyanı daha çox hiss etməsinə səbəb olur. Çünki aşağı gəlirli ailələrin xərclərində ərzağın payı daha yüksəkdir".
İqtisadçı əlavə edib ki, ərzaq qiymətlərinin artması nəticəsində ailələr eyni istehlak səviyyəsini qorumaq üçün gəlirlərinin daha böyük hissəsini ərzağa xərcləməli olurlar.
"Bu da onların maddi vəziyyətinə əlavə təzyiq yaradır. Çünki əvvəl də qeyd etdiyim kimi, aşağı gəlirli ailələrin istehlakında ərzağın payı faiz etibarilə daha çoxdur. Ərzaq bahalaşdıqda həmin ailələr əvvəlki istehlak səviyyəsini saxlamaq üçün daha çox vəsait xərcləməli olurlar.
Ərzaq qiymətlərinə təsir edən amillərdən danışarkən kənd təsərrüfatı məhsullarının istehsal xərcləri, heyvanların sayı və qlobal bazarlardakı qiymət dəyişiklikləri arasında əlaqəni də düzgün qiymətləndirmək lazımdır.
Məsələn, Kənd Təsərrüfatı Nazirliyi yem qiymətlərinin artmasını ət və quş əti məhsullarının bahalaşmasının səbəblərindən biri kimi göstərir. Bəzi müstəqil ekspertlər isə iri və xırdabuynuzlu heyvanların sayının azalmasını əsas amillərdən hesab edirlər. Lakin mənim fikrimcə, bu amillərin qiymətlərə təsirini yalnız həmin göstəricilərlə izah etmək düzgün deyil.
Məsələn, ölkədə qızıl istehsal olunsa da, onun daxili bazardakı qiyməti əsasən qlobal qiymətlərdən asılıdır. Qızılın hasilatı zamanı çəkilən xərclərin artması və ya istehsal həcminin dəyişməsi dünya bazarındakı qiymətləri müəyyən etmir.
Eyni yanaşmanı kənd təsərrüfatı məhsullarına da tətbiq etmək lazımdır. Azərbaycan pambıq ixrac edir. Lakin ölkədə pambıq istehsalının artması və ya azalması onun qiymətini avtomatik şəkildə dəyişmir. Qlobal bazarlarda qiymətlər yüksəldikdə ixrac olunan məhsulların daxili bazardakı qiymətləri də həmin dəyişikliklərdən təsirlənə bilər. Tərəvəz və ət məhsullarının qiymətlərini təhlil edərkən də bu amillər nəzərə alınmalıdır.
Kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir edən amillərin düzgün müəyyənləşdirilməsi iqtisadi siyasətin formalaşdırılması baxımından vacibdir. Çünki subsidiyaların hansı sahələrə yönəldilməsi, vergi siyasəti və istehsalın stimullaşdırılması ilə bağlı qərarlar iqtisadiyyatın digər sektorlarına da təsir göstərir.
Məsələn, kənd təsərrüfatına dəstək tədbirləri həyata keçirilərkən innovativ sektorun, bilik iqtisadiyyatının, təhsilin və təlim sahələrinin inkişafı da nəzərə alınmalıdır. Bu sahələrə düşən vergi yükü və digər iqtisadi amillər onların rəqabət qabiliyyətinə təsir göstərə bilər.
Əgər qeyri-neft sektorunun inkişafı sürətlənməzsə, ölkənin qonşu dövlətlərdən idxaldan asılılığı arta bilər. Bu isə qlobal bazarlarda baş verən qiymət dəyişikliklərinin daxili bazara təsirini gücləndirə bilər.
Buna görə də ərzaq qiymətlərinin artım səbəblərini araşdırarkən həm yerli istehsalın vəziyyətini, həm xarici bazarları, həm də idxaldan asılılığı kompleks şəkildə qiymətləndirmək lazımdır".


