Kriminal

"Yaxşı ata deyilsən" sözünə görə keçmiş arvadını döydü

Yaxşı ata deyilsən sözünə görə keçmiş arvadını döydü

Quba rayonunda 46 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il iyunun 5-də Quba şəhərinin Maksim Qorki küçəsində baş verib.

1980-ci il təvəllüdlü Tural keçmiş arvadı Zeynəbin (adlar şərtidir – red.) ona yaxşı ata olmadığını deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun baş nahiyəsinə yumruqla, bədən nahiyəsinə isə təpiklə qəsdən zərbələr endirərək xəsarətlər yetirib.

Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zeynəb onun keçmiş arvadıdır. Onlar rəsmi qaydada boşandıqları üçün ayrı-ayrı ünvanlarda yaşayırlar:

"İyunun 5-də, saat 19 radələrində uşaqlarımı görmək məqsədilə keçmiş arvadımın yaşadığı evə getdim. Evdə olarkən Zeynəb mənə uşaqlarıma yaxşı ata ola bilmədiyimi dediyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşdim və Zeynəbin saçından tutaraq onu yerə yıxdım. Təpik və yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Həmin vaxt yanıma gələn Zeynəbin anası bizi ayırdı".

Quba Rayon Məhkəməsinin hökmü ilə Tural 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə Quba rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, həmçinin cəzaçəkmə müddəti ərzində hər gün saat 23:30-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək vəzifələri qoyulub.

Həmçinin onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli

Editor
Redaktor