"Çox şadam ki, bu qərar verilib. Çünki son vaxtlar məktəblərdə geyim qaydalarına riayət olunmadığını görürdüm. Hər kəsin istədiyi geyimdə məktəbə gəlməsi ürəkaçan mənzərə deyildi. Bu, gənclərimiz üçün də yaxşı nümunə sayıla bilməzdi".
Demokrat.az xəbər verir ki, bu sözləri azxəbər.com-a açıqlamasında Xalq artisti, xanəndə, Prezident mükafatçısı Nəzakət Teymurova bildirib.
O qeyd edib ki, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərliyin qorunması baxımından əhəmiyyətlidir:
"Bizim vaxtımızda vahid məktəbli forması vardı və hamı onu geyinməli idi. Varlı da, kasıb da eyni formada məktəbə gedirdi. Heç kim geyiminə görə bir-birindən seçilmirdi. İndi çox şadam ki, dövlətimiz belə bir qərar verib. Minnətdaram ki, gec də olsa, vahid məktəbli forması ilə bağlı iş aparılıb".
Xalq artisti vurğulayıb ki, vahid məktəbli forması şagirdlərin diqqətinin təhsilə yönəlməsinə kömək edə bilər:
"Hamının fikri dərsə və təhsilə yönəlməlidir. Əvvəllər təhsillə, elmlə bəhs edirdilər, indi isə kimin makiyajının, dırnağının, paltarının daha gözəl olması ilə öyünürlər. Kim fikirləşibsə bu qanunu, Allah canını sağ eləsin".


