Maraqlı

Yumurta bişirərkən bu səhvi etməyin

Yumurta bişirərkən bu səhvi etməyin

Yumurtanı bişirərkən edilən ən böyük səhv onun kifayət qədər bişirilməməsidir. Bu barədə qida təhlükəsizliyi üzrə mütəxəssis xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, bu barədə AOL nəşrində dərc olunan məqalədə bildirilib.

Qida təhlükəsizliyi üzrə mütəxəssis Mark Makşeynin sözlərinə görə, çiy və ya kifayət qədər bişirilməmiş yumurtalarda salmonella kimi zərərli bakteriyalar ola bilər. Bu bakteriyalar yumurtanın qabığında yerləşə, hətta yumurtanın daxilinə də keçə bilər. Yoluxmuş yumurtanın görünüşü, qoxusu və dadı isə normal yumurtadan fərqlənməyə bilər. Mütəxəssis salmonella riskini azaltmaq üçün yumurtanın tam bişirilməsini tövsiyə edib. Onun sözlərinə görə, yumurtanın həm ağı, həm də sarısı bərkiyənədək bişirilməsi vacibdir.

Bundan başqa, yumurtaları otaq temperaturunda uzun müddət saxlamaq məsləhət görülmür. Əgər yumurta soyuducuda saxlanılaraq alınıbsa, evdə də soyuducuda saxlanmalıdır. Bişmiş yumurta və yumurtadan hazırlanan yeməklərin otaq temperaturunda qalması bakteriyaların sürətlə çoxalmasına şərait yarada bilər. Çiy və ya az bişmiş yumurtadan istifadə edilən mayonez və muss kimi yeməklərin hazırlanmasında pasterizə edilmiş yumurtalara üstünlük verilməsi tövsiyə olunur. Çiy yumurta ilə təmasda olan qab-qacaq və mətbəx alətləri də hazır yeməklərdən ayrı saxlanılmalıdır. Məqalədə qeyd olunub ki, hamilə qadınlar, 65 yaşdan yuxarı şəxslər, azyaşlı uşaqlar və immun sistemi zəif olan insanlar çiy və ya az bişmiş yumurta yeməkdən çəkinməlidirlər.