Bakıda istismar müddəti uzun olan köhnə binalarda çoxsaylı mənzillər var.
Bəs bu binalarda mənzil alan vətəndaşlar hansı riskləri nəzərə almalıdır? Köhnə binaların sökülməsi və yenidən tikilməsi həmin evlərin bazar dəyərinə necə təsir edir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, həmin binaların bir çoxu öz istismar müddətini başa çatdırıb.

Onun sözlərinə görə, eyni zamanda bəziləri qəzalı vəziyyətdədir:
"Hətta gözlə görünməyəcək belə korroziya və mühəndis kommunikasiya sisteminin zədələnməsi, eyni zamanda tavanda çatlar yaranması, divarlarda daşıyıcılıq, ağırlıq daşıyıcılıq funksiyasının getdikcə itirilməsi, binanın tikintisində istifadə olunmuş materialların artıq öz ömrünü başa vurması, betonun xüsusilə də artıq yararsız hala düşməsi çox ciddi problemlərin yaranmasına səbəb olur. Və təbii ki, metal konstruksiyanın korroziyası ciddi şəkildə həmin evin funksionallığını sual altında qoyur. Belə olan halda köhnə binaların alınması yalnız o zaman mümkün ola bilər ki, həmin binaya mühəndis və yaxud da qiymətləndirici baxış keçirsin, konstruktiv elementlərin qaydasında olması ilə bağlı müəyyən rəy versin və yalnız bundan sonra həmin binada mənzili əldə etmək qərarı verilsin".
Vüqar Oruc əlavə edib ki, hətta belə olan təqdirdə belə, yeni tikilmiş birayla köhnə tikilmiş köhnə binaların müqayisəsi zamanı yenə də tövsiyəmiz ondan ibarətdir ki, keyfiyyətli normativlərə uyğun və keyfiyyətli tikinti materiallarından tikilmiş, yeni tikililər bütün variantlarda köhnə binalardan üstdür:
"Çünki köhnə binalar, hansı ki, deməli, Kiyev, Leninqrad, Xruşşov, Minsk, daşkənd layihəli binalardır, Stalin layihəli binalar, onların artıq funksionallığı çox aşağıdır və eyni zamanda hətta sovetlərin dağılması zamanı ona yaxın dövrdə tikilmiş binaların belə hal-hazırda istismar müddəti təqribən 50 ilin üzərindədir. Belə olan təqdirdə həmin binalarda yer almaq investisiya marağı baxımından məqsədəuyğun deyil. Yəni qarşıdakı müddət, istismar müddəti azlıq təşkil edir, eyni zamanda həmin binaların sökülmə ehtimalı var ki, bu da qeyri-müəyyən bir şəraitin yaranmasına səbəb olur. Çünki söküntü zamanı kompensasiyanın nə qədər veriləcəyi barədə öncədən hər hansı bir hesaplama aparmaq mümkün deyil.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesablamalarına görə, əgər bir ərazidə köhnə binalar sökülürsə, onun yerində yeni binalar tikilirsə, bazara yeni təklif qiymətləri ən azı köhnə binaların qiymətlərindən 50 faiz fərqlənir. Bu da daşınmaz əmlak bazarında qiymət artımına səbəb olur. Bu fərqlənmənin əsas səbəbi binanın yeniliyi deyil, ilk növbədə həmin binanın tikintisində həm işçi qüvvəsinin əmək haqqının yüksək olması, həm tikinti materiallarının qiymətinin əvvəlkilərə nisbətən yüksək olması, həm də eyni zamanda Azərbaycan Respublikası Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən artıq qüvvəyə minən və qəbul olunan yeni normativlərin həddindən artıq sərtliyidir. Bütün bunlar qiymət artımına səbəb olur və sahibkar da məcbur olur ki, həmin yeni tikilini əvvəlki tikildən nisbətən daha yüksək qiymətə təklif etsin. Başqa bir səbəb də bir çox köhnə binaların köçürülmə xərcləri yüksək olur və həmin köçürülmə xərcləri də özü tikintinin maya dəyərinə əlavə olunur, bu da maya dəyərinin şişməsinə və qiymətlərin bahalaşmasına səbəb olur".


