Özəl

Maşın bazarında qiymətlər yenidən dəyişir

Maşın bazarında qiymətlər yenidən dəyişir

Azərbaycanda avtomobil bazarında qiymət artımı qeydə alınıb. Sentyabr ayında 9 kütləvi avtomobil modelinin median təklif qiyməti əvvəlki ayla müqayisədə 1,1 faiz yüksəlib. Satış elanlarının sayı isə 11,4 faiz artaraq 40 373-ə çatıb.

Bəs avtomobillərin qiymət artımına hansı amillər təsir edir? Bazarda təkliflərin çoxalması qiymətlərə necə təsir göstərəcək və yaxın aylarda avtomobil almaq istəyənləri hansı dəyişikliklər gözləyir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlər faiz nisbətində müqayisə edilib və bu göstəricilərə əsaslanaraq avtomobil bazarında qiymətlərin kəskin şəkildə artdığını və ya azaldığını demək düzgün olmaz.

Onun sözlərinə görə, hazırda bazarda qiymətlər əsasən sabitdir:

"Hətta oktyabr ayında rəsmi dilerlər və distribütorlar tərəfindən alıcılara müxtəlif kampaniyalar və xüsusi endirimlər təklif olunur. Bu da onu göstərir ki, yeni avtomobillər bazarında alıcılar üçün müəyyən güzəştlər mövcuddur. İşlənmiş avtomobillərin satışını əhatə edən ikinci əl avtomobil bazarında da qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmur və mövcud vəziyyət sabit olaraq qalır. Hazırda bazarda qiymətlərin kəskin yüksəlməsinə səbəb olacaq ciddi bir tendensiya görünmür.

Lakin qarşıdakı aylarda bazarda fəallığın artması qiymətlərə təsir göstərə bilər. Xüsusilə oktyabr ayından sonra, təxminən noyabrda alıcı tələbinin yüksəlməsi fonunda avtomobillərin qiymətlərində müəyyən artım ehtimalı var. Bu artımın təxminən 5 faiz civarında olacağını düşünürəm. Bununla belə, qiymətlərin hansı istiqamətdə dəyişəcəyi bazardakı tələb və təklif nisbətindən, satış fəallığından və digər iqtisadi amillərdən asılı olacaq".