"RM Sotheby's" hərrac evinin oktyabrın 31-də Londonda keçirəcəyi hərracda Bruney kral ailəsinə məxsus son dərəcə nadir "Lamborghini Diablo SE30" superkarı satışa çıxarılacaq.
Ekspertlər avtomobilin dəyərini 1.2-1.6 milyon funt sterlinq (təxminən 2.7-3.6 milyon manat) aralığında qiymətləndirirlər.
Bu xüsusi "Diablo SE30" versiyası 1993-cü ildə "Lamborghini" brendinin 30 illik yubileyi münasibətilə cəmi 150 nüsxədə istehsal edilib.
5.7 litrlik V12 mühərriki ilə təchiz olunmuş bu model 525 at gücünə malikdir. Avtomobil 100 km/saat sürəti cəmi 4 saniyəyə yığır, maksimal sürəti isə 320 km/saat təşkil edir.
Satışa çıxarılan bu konkret avtomobil dünyada analoqu olmayan unikallığa malikdir. "Bianco Impacto" ağ rəngli kuzov və göy rəngli "alkantara" salon kombinasiyasına sahib cəmi dörd SE30 istehsal edilsə də, onların arasında sağsükanlı olan yeganə nüsxə məhz Bruney kral ailəsi üçün hazırlanan bu maşındır. 2002-ci ildə Yeni Zelandiyaya aparılan, 2006-cı ildən isə indiki sahibində olan avtomobilin yürüşü cəmi 12.4 min kilometrdir.(oxu.az)





