"Microsoft" şirkətinin qurucusu Bill Qeyts süni intellekt texnologiyalarının sürətli inkişafı səbəbindən 2027-ci ildə kibertəhlükəsizlik sahəsində çoxlu xoşagəlməz sürprizlərin yaşanacağını düşünür.
Demokrat.az xəbər verir ki, bu barədə o, CNN telekanalının efirində bildirib.
"Gələn il ən kəskin dəyişiklikləri kiberhücumlar sahəsində görəcəyik. Çünki təhdidlər vasitəsilə pul tələb etmək və ya fond bazarında dəyişikliklərə səbəb olan pozuntular yaratmaq kimi məlum biznes modelləri mövcuddur", - Qeyts deyib.
Onun sözlərinə görə, pisniyyətli insanların, məhdudiyyətlərin olmamasının və ən yeni süni intellekt modellərinin bir araya gəlməsi gələn il, xüsusilə də kibertəhlükəsizlik sahəsində çoxlu xoşagəlməz sürprizlərə səbəb olacaq.
Qeyts hesab edir ki, süni intellektin nəzarətdən çıxması hələlik bəşəriyyətin ən aktual problemi deyil. Onun fikrincə, texnologiyanın dünyaya ciddi təsir göstərə biləcək səviyyəyə çatması üçün hələ bir neçə il vaxt lazımdır.


