Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb.
"Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 min dollara satışa qoyulub.
Pasadena şəhərində yerləşən mülkün sahəsi təxminən 293 kvadratmetrdir. Evdə dörd yataq otağı və dörd vanna otağı var. Memar Aleks İstanbullu 2004-cü ildə evi yenidən layihələndirib.
Taxta döşəmələri, geniş pəncərələri və müasir interyeri ilə seçilən evin mətbəxi xüsusi mebellərlə və yüksək səviyyəli məişət texnikası ilə təchiz olunub. Əsas yataq otağında hündür tavan, kamin və geyim otağı yerləşir. Bundan başqa, evdə sauna olan ayrıca istirahət otağı da var.
Mülkün həyətində ağaclarla əhatələnmiş hovuz, açıq havada yemək və istirahət üçün xüsusi sahələr mövcuddur. Ərazidəki iki əlavə tikili isə ev ofisi, yaradıcılıq studiyası və ya idman zalı kimi istifadə oluna bilər.
Qeyd edək ki, Ceyk Conson 2011–2018-ci illərdə yayımlanan "New Girl" serialı ilə məşhurlaşıb. Aktyor hazırda da müxtəlif kino və televiziya layihələrində fəaliyyətini davam etdirir.



