Kriminal

Qaynını hamam otağında bıçaqladı — Həbsə göndərilmədi

Qaynını hamam otağında bıçaqladı — Həbsə göndərilmədi

Bakının Qaradağ rayonunda 49 yaşlı kişi bacısının ərinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Rəşid ailə münaqişəsi zəminində bacısı Günayın həyat yoldaşı Vüsalı (adlar şərtidir – red.) bıçaqlayıb.

İstintaq sənədlərinə görə, Rəşid yeznəsinin mütəmadi olaraq alkoqol sərxoşluğu vəziyyətində evə gələrək bacılarının və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı özündə olan bıçaqla ona xəsarət yetirib.

Rəşidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rəşid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayır və şirkətdə sürücü işləyir:

"Zərərçəkmiş Vüsal bacımın əridir. O, bacımla ailə qurduqdan sonra mütəmadi olaraq spirtli içki qəbul edib və ailəsinə baxmayıb. Əvvəllər onlar kirayədə qalıblar və maddi vəziyyətləri zəif olduğu üçün digər bacım Aynur öz adına bankdan kredit götürdü. Mənim qonşuluğumda olan ev boş olduğundan həmin evi Vüsal və ailəsi üçün aldılar. Biz uzun müddətdir qonşu kimi yaşayırıq".

Təqsirləndirilən şəxs deyib ki, hadisədən bir gün əvvəl işi ilə əlaqədar rayonda olarkən adəti üzrə bacısı Günaya zəng edib:

"Günayla danışıq zamanı onun birtəhər danışdığını hiss etdim. Ondan belə danışmasının səbəbini soruşdum. O, ilkin olaraq heç nə demədi. Mənim israrım nəticəsində Günay olanları danışaraq mübahisə zamanı ərinin nalayiq ifadələr işlətdiyini qeyd etdi. Vüsalın nalayiq ifadələr işlətməsi ilə bağlı polisə müraciət etmədim. Ancaq bacılarım şikayət etdilər".

Rəşidin sözlərinə görə, Vüsal mütəmadi olaraq spirtli içki qəbul edərək ailəsi ilə problemlər yaşayıb, bütün ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib:

"Sonuncu dəfə isə bacım Günayı söyüb. Vüsala mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətməməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, məni dinləməyib. Mən də bu səbəbdən ona əsəbləşmişəm".

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü, gecə saat 02 radələrində yaşadığı ünvana çatıb:

"Evə gəldikdən sonra Vüsalın telefonuna təxminən 20 dəfə zəng etdim. Ancaq o, zəngləri görərək telefonu açmadı. Ailəmdən məsələ ilə bağlı maraqlananda mənə heç nə bildirmədilər. Yalnız Vüsalın "102" xidmətinə edilən zəng əsasında aparıldığını dedilər. Həmin vaxt mənim oğlumla Vüsalın oğlu bizdə "PUBG" oyunu oynayırdılar. Vüsalın oğlundan atasının harada olduğunu soruşdum. O, atasının evdə olduğunu dedi. Həmin vaxt evdəkilərin mənə yalan danışdığını anladım. Mətbəxdən bıçaq götürərək onların evinə keçdim. Bıçağı götürən zaman məni heç kim görmədi. Evdən tək çıxdım. Darvazadan içəri keçdikdə sol tərəfdə Vüsalın hamam otağında nə iləsə məşğul olduğunu gördüm. Vüsala yaxınlaşan zaman bıçaq cibimdə olub. Vüsaldan nə üçün mənim ailə üzvlərimin ünvanına söyüş söydüyünü soruşdum. O, bunu boynuna almadı. Bu səbəbdən daha da əsəbləşdim. Vüsal əlimdə bıçağı gördükdə əlimdən tutdu. Bundan sonra dalaşmağa başladıq. Hadisə hamam otağında olub. Həmin vaxt bıçaqla Vüsalın harasından və neçə dəfə vurduğumu xatırlamıram. Sadəcə, Vüsal qışqırandan sonra bıçağın ona dəydiyini bildim. Həmin vaxt bacım gəldi və bizi ayırdı. Mən də oradan çıxaraq getdim. Hadisə zamanı istifadə etdiyim bıçağı xatırlamadığım bir yerə tulladım".

İş üzrə zərərçəkmiş Vüsalın sözlərinə görə, təqsirləndirilən Rəşid onun qaynıdır:

"Rəşidin bacısı Günayla 2013-cü ildən ailəliyik. Biz əvvəl Qobustan qəsəbəsində başqa ünvanda yaşamışıq. Təxminən 2020-ci ildən isə Rəşidlə qonşuyuq. Aynur isə mənim baldızımdır. Mən mütəmadi olaraq spirtli içki qəbul etmişəm və bununla bağlı ailəmdə söz-söhbətlər olub".

Vüsal qeyd edib ki, həm həyat yoldaşı, həm də baldızı ilə mübahisəsi olub və qaynı tərəfindən bıçaqlanıb. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşid 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 1 il 6 ay sınaq müddəti təyin edilməklə, azadlıqdan məhrumetmə cəzası şərti hesab edilib.

Hökmə əsasən, Rəşidin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub. Onun davranışı üzərində nəzarət daimi qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunub.

Fariz Məlikli

Editor
Redaktor