Özəl

Son 100 ildə belə hal müşahidə edilməyib — Ekspert

Son 100 ildə belə hal müşahidə edilməyib — Ekspert

Prezident İlham Əliyev Türkmənbaşıda Xəzər Ekoloji Sammitində çıxış edərkən bildirib ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır: "Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki, son vaxtlar bu proses nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Akvatoriyanın əhəmiyyətli dərəcədə kiçilməsi müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb".

Ekoloq Qorxmaz İbrahimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında söyləyib ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi artıq son antirekord həddinə yaxınlaşır:

Son 100 ildə belə hal müşahidə edilməyib — Ekspert

"Əgər suyun səviyyəsi 30 metrədək enərsə, bu, antirekord olacaq. Son dörd əsrdə, daha dəqiq desək, məlum olan son 100 ildə belə dayazlaşma müşahidə edilməyib. Nəticədə, təxminən 20 min kvadratkilometr ərazinin dənizdən ayrılması və ya sahəsinin kiçilməsi kimi ciddi dəyişikliklər baş verib. Bu, olduqca ciddi məsələdir. Artıq bunu ekoloji fəlakət kimi qiymətləndirmək lazımdır. Söhbət müxtəlif ekosistemlərin məhvindən gedir. İlk növbədə, dənizdəki canlılar böyük zərər görür. Sahilyanı ərazilərdə yaşayan insanlar, o cümlədən Bakı sakinləri də bunun nəticələri ilə üzləşəcəklər. Dənizin geri çəkilməsi nəticəsində üzə çıxan ərazilərdəki mineral və digər maddələr küləklə havaya qalxaraq insanların tənəffüs orqanlarına, xüsusilə də ağciyərlərinə təsir göstərə bilər. Buna görə də ciddi qabaqlayıcı tədbirlər görülməlidir".

Ekoloq qeyd edib ki, Xəzərin dayazlaşması, eyni zamanda, dünya miqyaslı mühüm ticarət yolunu təhlükə altına qoyur və Orta Dəhlizdə logistik problemlər yaradır:

"Hazırda vəziyyət hələ kritik həddə çatmayıb. Dəniz dibinin təmizlənməsi və dərinləşdirilməsi işləri sayəsində limanlar fəaliyyətini davam etdirir. Lakin şimal istiqamətində naviqasiya və logistika demək olar ki, ciddi pozulma təhlükəsi ilə üz-üzədir. Bu problem Rusiya ərazisinə, Qazaxıstana, Rusiyanın Dağıstan bölgəsinə və ölkənin cənub sahillərində yerləşən digər ərazilərə də təsir edir. Təəssüf ki, Rusiya bu məsələyə müəyyən qədər biganə yanaşır. Halbuki lazımi tədbirlər görülsə, Volqa çayının suyunun müxtəlif sahələrə və ərazilərə yönəldilməsinin qarşısını almaqla Xəzərə daxil olan suyun həcmini qorumaq üçün addımlar atmaq mümkün olardı. Xəzərin əsas su mənbəyi Volqa çayıdır və dənizə daxil olan suyun 80 faizdən çoxu onun payına düşür. Kür, Ural və digər çayların da Xəzərin su balansında rolu var. Buna görə də bu istiqamətdə müvafiq tədbirlər görülməlidir. Azərbaycan Prezidenti hər zaman Xəzərlə bağlı məsələlərin gündəmə gətirilməsində və onların həlli istiqamətində təşəbbüskar mövqe nümayiş etdirib. Prezidentimizin Türkmənistandakı çıxışından da çıxış edərək demək olar ki, Azərbaycanın təşəbbüskarlığı və öncül mövqeyi olmasa, digər Xəzəryanı ölkələr, eləcə də Avropa İttifaqı və Orta Dəhlizdən asılı olan başqa dövlətlər bu məsələdə müəyyən qədər passiv qala bilərlər. Ümid edirəm ki, Türkmənistanda keçirilən görüşdən sonra bu istiqamətdə fəallıq artacaq".

Qorxmaz İbrahimli vurğulayıb ki, bunun üçün Azərbaycanda Xəzər dənizi ilə bağlı ayrıca bir qrup yaradılmalıdır:

"Həmin qrupa mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri daxil edilməlidir. Bu istiqamətdə ciddi və koordinasiyalı fəaliyyət göstərən bir təşkilatın yaradılmasına ehtiyac var. Xəzər dənizində mütəmadi və sürətli monitorinqlər aparılmalı, baş verən dəyişikliklər, görülməsi zəruri olan tədbirlər və problemin həlli yolları müəyyənləşdirilməlidir. Bundan başqa, Avropa İttifaqının bu prosesə cəlb olunması və Xəzərin qorunmasına investisiyalar yatırılması mühüm əhəmiyyət daşıyır. Xəzərin ekosistemlərinin mühafizəsi üçün bütün mümkün tədbirlər görülməlidir. Eyni zamanda, digər Xəzəryanı ölkələr də üzərlərinə düşən məsuliyyəti yerinə yetirməli və dənizin qorunması üçün əllərindən gələni etməlidirlər".

FH
Fidan Hacızadə
Müxbir