Bakının Xətai rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Laçın rayon sakini, 1973-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnarla (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, Əfqan birgə yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı yumruq zərbələri ilə qəsdən arvadının sifət və baş nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirib.
Faktla bağlı Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İşə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkmiş ərini bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə cinayət təqibinə xitam verilib.
Fariz Məlikli


