Kriminal

Sərxoşluğu mənə ləzzət eləmədi — Bakıda kafedə polşa vətəndaşını bıçaqladı

Sərxoşluğu mənə ləzzət eləmədi — Bakıda kafedə polşa vətəndaşını bıçaqladı

Bakının Səbail rayonunda 25 yaşlı oğlan Polşa vətəndaşını bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Elxan Abışov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən restoranda müştəri qismində istirahət edən, əvvəllər tanımadığı Polşa vətəndaşı Blazdziewięz Dawvid Karolunun kafedəki davranışlarının xoşuna gəlmədiyini əsas gətirib. O, əcnəbi vətəndaşa bununla bağlı əsassız iradını bildirdikdən sonra həmin şəxsin kafeni tərk etdiyini görüb.

Bu zaman Abışov az əvvəl aralarında baş vermiş mübahisə ilə əlaqədar onu təqib edərək yaxınlaşıb və heç bir əsaslı səbəb olmadan özündə olan bıçaqla ona xəsarət yetirib.

Abışovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Abışov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü diş həkiminə gedib, dərman qəbul edib və xəstəxanadan çıxaraq aşağı düşüb:

"Boğazım quruduğu üçün su və ya çay içmək istədim. Orada iki nəfər uzunboylu adam var idi. Onlar bir qədər sərxoş idilər. Onların sərxoşluğu xoşuma gəlmədi, hədələndim. Mənim halım tez-tez dəyişirdi, halım qarışdı. Onların sərxoşluğu mənə ləzzət eləmədi. Onlar mənim üstümə gəldilər. Onların boyları məndən uzun idi. Mən isə sakitləşmək üçün tez-tez dərmanlar qəbul etmişəm. Daha sonra onlar xoşagəlməyən hərəkətlər etdilər. Bıçaq dırnaq tutan qayçı boyda bir bıçaq idi. Həmin bıçaqla həmişə dırnaqlarımı tutmuşam. Özümü müdafiə etmək üçün həmin bıçağı göstərdim".

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, daxilində narahatlıq hiss etdiyini, psixiatriya stasionarında müalicə aldığını, bəzi hallarda özündə olmadığını, halının tez-tez dəyişdiyini, hadisə anında özündə olub-olmadığını xatırlamadığını, qarşı tərəfin əvvəlcə ona gülərək yaxınlaşdığını və ona baxaraq güldüyünü bildirib.

İş üzrə zərərçəkmiş Karolunun sözlərinə görə, 2025-ci ildə yaşadığı Polşanın Varşava şəhərindən Azərbaycana, Bakı şəhərinə turist səfərinə gəlib və dostu ilə birlikdə bir hosteldə qalıb:

"Dostumla istirahət etmək üçün Səbail rayonunda restorana getdik. Həmin restoranda mərci şorbası yedik, ikimiz də pivə içdik. Restoranda olduğumuz zaman mənə xəsarət yetirən şəxs də içəridə idi. Həmin oğlan da orada pivə içirdi, əyləşdiyimiz masalar bir-birinə yaxın idi. Mən ofisianta ingilis dilində sifariş verirdim. Qonşu masada əyləşmiş adamı ilk dəfə idi ki, görürdüm, onunla heç bir ədavətim olmayıb. Orada olduğumuz zaman hosteldə qaldığımızı dedim və nədənsə aramızda narazılıq yarandı. Biz oradan çıxdıq və qaldığımız hostelə getdik. Yolda olarkən restoranda bizimlə narazılıq edən şəxs bizə yaxınlaşdı. Həmin şəxs Azərbaycan dilində mənə nəsə deyirdi. Mən isə onu başa düşmürdüm. Belə olduqda aramızda dava-dalaş düşdü. Həmin dava-dalaş zamanı oğlan qarnıma bıçaqla vurdu. Qarnımdan xəsarət aldığım yeri tutanda sağ əlimə də bıçaq dəydi. Hadisəyə başım qarışdığından dostumu görmədim və məni vuran oğlan hadisə yerindən qaçaraq uzaqlaşdı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abışov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

Editor
Redaktor