Azərbaycan bu gün müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü iqtisadi və siyasi potensiala malik, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq aləmdə özünəməxsus mövqeyi və nüfuzu ilə seçilir. Müasir dünyada müharibələrin, geosiyasi qarşıdurmaların, siyasi və iqtisadi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir şəraitdə ölkəmizin sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühitini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət, beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri, regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycan təkcə regionda baş verən proseslərin fəal iştirakçısı deyil, həm də mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu, əməkdaşlıq imkanlarının genişləndirildiyi və qarşılıqlı maraqların uzlaşdırıldığı etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və uzaqgörən siyasət nəticəsində ölkəmiz mühüm tarixi nailiyyətlər əldə edib, dövlət müstəqilliyini və milli maraqlarını qorumaq istiqamətində ardıcıl siyasət yürüdüb. Bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
O qeyd edib ki, dövlətin gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, cəmiyyətin birliyi, milli dəyərlərə bağlılığı, vətəndaşların məsuliyyət hissi və ölkənin gələcəyinə inamı ilə müəyyən olunur. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışında səsləndirdiyi fikirlər bu baxımdan böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir.
Bu gün xarici mərkəzlər nəzarət etdikləri media vasitələri və sosial şəbəkə platformaları üzərindən zərərli ideoloji təbliğat apararaq Azərbaycan cəmiyyətinə, xüsusilə dünyagörüşü və düşüncə tərzi hələ formalaşmaqda olan uşaqlara, gənclərə təsir göstərməyə çalışırlar. Bu qüvvələr cəmiyyətimizin tərəqqisinə mane olan, milli düşüncənin inkişafını məhdudlaşdıran dini xurafat və mövhumatı yenidən gündəmə gətirərək onları insanların həyat tərzinə çevirməyə cəhd edirlər. Halbuki ötən əsrin əvvəllərində Azərbaycanın görkəmli ziyalıları, mütəfəkkirləri və maarifçiləri cəmiyyətin inkişafına əngəl törədən bu kimi yanaşmaları kəskin tənqid etmiş, xalqın maariflənməsini və dünyəvi düşüncənin möhkəmlənməsini tərəqqinin əsas şərtlərindən biri kimi qiymətləndirmişlər. Xarici mərkəzlərin əsas hədəflərindən biri dini amildən siyasi təsir vasitəsi kimi istifadə etməklə Azərbaycanın müstəqil inkişaf yoluna mane olmaqdır. Bu məqsədlə dini təbliğat müxtəlif təsir mexanizmləri ilə müşayiət olunur, məzhəblər arasında qarşıdurma yaratmağa, insanları radikal dini cərəyanların təsiri altına salmağa cəhdlər göstərilir.
V.Rəhimzadə vurğulayıb ki, belə fəaliyyətlər cəmiyyət daxilində parçalanma yaratmaqla yanaşı, milli həmrəyliyə, dünyəvi dövlətçilik prinsiplərinə və ölkəmizin inkişaf strategiyasına qarşı yönəlmiş ideoloji təhdidlər kimi qiymətləndirilməlidir. Son dövrlərdə bəzi qonşu ölkələrdə hicab məsələsinin süni şəkildə siyasiləşdirilməsi və bu mövzunun Azərbaycanda "Ümumi təhsil haqqında" Qanuna edilmiş dəyişikliklərə qarşı təbliğat kampaniyasının tərkib hissəsinə çevrilməsi də diqqət çəkir. Məktəblərdə vahid geyim qaydaları ilə bağlı məsələlərin dini azadlıqlara qarşı addım kimi təqdim edilməsi, cəmiyyətdə narahatlıq və qarşıdurma yaratmağa hesablanmış yanaşmaların ön plana çıxarılması bu prosesin arxasında dayanan məqsədlər barədə ciddi suallar doğurur.
"İdeoloji təsir cəhdlərinin əsas hədəfi təkcə ayrı-ayrı məsələlər ətrafında ictimai rəy yaratmaq deyil, həm də milli birliyi zəiflətmək, cəmiyyətin düşüncə istiqamətinə təsir göstərmək və Azərbaycanın müstəqil inkişaf xəttinə mane olmaqdır. Buna görə də milli maraqların qorunması, gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılması, maarifçiliyin gücləndirilməsi və dünyəvi təhsil prinsiplərinin müdafiəsi cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi təhsil mühitinin təşkilinin, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinin və sağlam məktəb mədəniyyətinin formalaşdırılmasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma həm təhsilalanlara, həm də təhsilverənlərə münasibətdə vahid tələblərin müəyyənləşdirilməsini, məktəbdə məsuliyyət və qarşılıqlı hörmət prinsiplərinin gücləndirilməsini nəzərdə tutur. Məktəb mühitində geyim məsələsinə yalnız zahiri görünüş çərçivəsində yanaşmaq düzgün olmazdı. Çünki geyim mədəniyyəti, eyni zamanda, davranış qaydaları, sosial münasibətlər, kollektivə bağlılıq və təhsil müəssisəsinin ümumi təşkilati prinsipləri ilə əlaqəlidir", - deyə deputat bildirib. (iki sahil)


