"Gərək 40-50 il bundan əvvəl bu məsələləri görüb yavaş-yavaş insanlara çatdıraydıq ki, Azərbaycan müsəlman əhalisinin yaşadığı ölkədir, amma dünyəvi dövlətdir. Bu o demək deyil ki, Azərbaycanda müsəlman əhalisi yaşayırsa, hər yerdə çadraya bürünməliyik, yaxud uzun paltar və saqqalla gəzməliyik. Küçədə kim bunu etmək istəyirsə, etsin, amma məktəbdə uşaqların tərbiyəsini pozmaq olmaz. 6, 7, 8 yaşlı uşaq hələ heç nəyi tam anlamır. 18 yaşına çatdıqdan sonra isə öz seçimini edər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, başa düşməliyik ki, bu nəsil belə yetişəndən sonra yavaş-yavaş İrana çevriləcəyik:
"İranda insanlar çadranı atırlar, biz isə sanki əsrlər əvvələ qayıdırıq. Bu, biabırçılıqdır. Bütün bunları çox ehtiyatla və ağılla tətbiq etmək lazım idi.
Bütün bunlar təxribatdır. İrandan, Turandan, ərəb ölkələrindən və başqa yerlərdən bizə təsir göstərməyə çalışırlar. Çünki Azərbaycanın öz müstəqil yolu var. Azərbaycan heç kimin diktəsi ilə oturub-duran ölkə deyil və bölgəmizdə normal dövlət quruluşuna malik ölkələrdən birinə çevrilir. Bunu da çoxları qəbul etmir. Hətta üzümüzə gülsələr də, arxamızca təxribatlar törədirlər. Mən bu məsələlərə meyilli olan insanlara demək istərdim ki, heç kimin təxribatına uymayın, öz fikriniz, öz düşüncəniz olsun, gələcəyinizi və uşaqlarınızın gələcəyini düşünün. Çünki maariflənmək, uşaqları oxutdurmaq lazımdır. Səkkiz yaşında başını bağladığınız uşaqlar 18 yaşına çatanda özləri qərar verərlər ki, başlarını açsınlar, yoxsa bağlasınlar. Amma inanmaq, dini inanc məsələsi tamam başqadır. Heç də vacib deyil ki, bədəvi ərəblər kimi başımızı bağlayıb ortalığa çıxaq. Onlarda qumsallıqdır, səhradır və başlarını tozdan, qumdan qorumaq üçün bağlayırlar. Bizə nə düşüb? Azərbaycan dünyəvi ölkədir və Azərbaycanı başqa bir quruluşa çevirmək olmaz. Çünki inkişaf bunda deyil".


