Müasir dövrdə gənclərin işləməsi və gəlir əldə etməsi onların tam müstəqil həyata keçməsi üçün hər zaman kifayət etmir. Bir çox gənc gündəlik xərclərini qarşılasa da, ailəsinin maddi dəstəyinə ehtiyac duyur.
Bəs gənclərin işlədikləri halda belə ailələrindən maddi asılı vəziyyətdə qalmasının əsas sosial səbəbləri hansılardır? Bu hal onların müstəqil qərar verməsinə və ayrıca həyat qurmasına necə təsir göstərir?
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında bildirib ki, gənclərin işləsələr belə, ailələrindən maddi asılı vəziyyətdə qalmasının səbəblərindən biri onların müstəqil qərar vermək və məsuliyyət daşımaq vərdişlərinin kifayət qədər formalaşmamasıdır.

Onun sözlərinə görə, insanlar davranışlarına görə iki qrupa reaktiv və proaktiv insanlara bölünür:
"Reaktiv insanlar problemlərə görə başqalarını günahlandırmağa və ətrafındakılardan asılı olmağa meyilli olduqları halda, proaktiv insanlar öz güclərinə inanır və çətinliklərin həlli üçün məsuliyyəti üzərlərinə götürürlər.
Gənclərdə müstəqillik keyfiyyətlərinin formalaşması üçün onların öz üzərlərində işləməsi, mütaliə etməsi, uğurlu insanların həyat təcrübələrini öyrənməsi və psixoloji təlimlərdə iştirak etməsi vacibdir. Bu məsələdə valideynlərin övladlarına münasibəti də mühüm rol oynayır. Bəzi valideynlərin həddindən artıq qayğı göstərməsi gənclərin müstəqil qərarlar verməsinə, çətinliklərlə üzləşərək təcrübə qazanmasına mane olur. Nəticədə, onların öz güclərinə inamı və müstəqil həyata uyğunlaşmaq bacarığı zəif inkişaf edə bilər".


