Region

Cem Yılmazın hazırda vəziyyəti necədir?

Cem Yılmazın hazırda vəziyyəti necədir?

Türkiyəli komediya ustası Cem Yılmazın infarktdan sonra keçirilən 40-cı gün ürək müayinəsinin nəticələri müsbət olub.

Demokrat.az xəbər verir ki, sənətçinin müalicə aldığı Çanaqqala On Səkkiz Mart Universiteti (ÇOMÜ) Xəstəxanasında aparılan müayinələr zamanı ürəyin digər damarlarının qan dövranını yaxşı təmin etdiyi müəyyən edilib.

Cem Yılmaz avqustun 29-da Çanaqqalanın Ayvacık rayonuna bağlı Paşaköy kəndindəki evində infarkt keçirib. Təcili olaraq ÇOMÜ Xəstəxanasına çatdırılan sənətçiyə angioqrafiya aparılıb və stent qoyulub.

İnfarktdan təxminən 40 gün sonra nəzarət müayinəsi üçün yenidən xəstəxanaya gələn Yılmaza ürək əzələsinin qanla təchizatını qiymətləndirmək məqsədilə miokard perfuziya sintiqrafiyası müayinəsi aparılıb.

Müayinədən sonra açıqlama verən Cem Yılmaz səhhətinin yaxşı olduğunu bildirib. O, siqareti tərgitdiyini, dərmanlarını müntəzəm qəbul etdiyini və idmanla məşğul olduğunu deyib.

Sənətçi keçirdiyi infarktdan sonra sağalma prosesinin vaxt tələb etdiyini vurğulayaraq, həkimlərin tövsiyələrinə əməl etməyə çalışdığını qeyd edib.

ÇOMÜ Tibb Fakültəsinin dekanı və Nüvə Təbabəti kafedrasının müdiri, professor Semra Usta da müayinənin nəticələrinin qənaətbəxş olduğunu bildirib. Onun sözlərinə görə, infarkt keçirməmiş digər damarların ürək əzələsini yaxşı qanla təmin etdiyi müəyyən edilib.

Həkimlər Cem Yılmazın səhhətinin bundan sonra da mütəmadi olaraq izləniləcəyini bildiriblər.

NE
Nihadə Eyyubova