2026-cı ilin ilk yarısında dünyada sırf benzinlə işləyən avtomobillərin yeni avtomobil satışlarında payı ilk dəfə 49%-ə düşüb. 2021-ci ildə bu göstərici 73% olub. Hibrid avtomobillərin və elektromobillərin yayılması, eləcə də yanacaq qiymətlərinin artması bu dəyişiklikdə rol oynayıb.
Benzinlə işləyən avtomobillərin gələcəkdə bu avtomobillərin bazardan tamamilə çıxmasına səbəb ola bilərmi?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında deyib ki, bu, bazarın gedişatından asılı olacaq:

"Hazırda əsasən hibrid avtomobillərə üstünlük verilir. Elektromobillərə maraq da bəzi ölkələrdə artır, bəzilərində isə əksinə, azalma müşahidə olunur. Məsələn, Azərbaycanda elektromobillərə maraq azalır. Bunun səbəblərindən biri subsidiyaların ləğv olunmasıdır. Hazırda avtomobil salonlarında daxili yanma mühərriki ilə işləyən, sırf benzinlə hərəkət edən avtomobillərin, hətta Çin istehsalı olan modellərin qiyməti hibrid və plug-in hibrid avtomobillərlə müqayisədə daha aşağıdır. Məsələn, ötən il alıcı 30 min manata hibrid, 35 min manata isə benzinlə işləyən avtomobil ala bilirdisə, indi vəziyyət əksinə dəyişib. Eyni modelin hibrid və ya plug-in hibrid versiyası 38-40 min manata, benzinlə işləyən versiyası isə 32 min manata təklif olunur. Məsələn, söhbət "Changan Uni-Z" modelindən gedir. Alıcı avtomobil seçərkən çox vaxt gələcəkdə yanacağa qənaət edəcəyini nəzərə almadan emosional qərar verir. Düşünür ki, hibridə 7-8 min manat artıq pul verməkdənsə, daha ucuz benzinli avtomobil almaq daha sərfəlidir. Çünki ilkin alış zamanı qiymət fərqi kifayət qədər böyük görünür. Əslində, hibrid avtomobillər normal şəraitdə daha baha olur. Sadəcə, Azərbaycanda tətbiq edilən güzəştlər və Çindəki subsidiyalar qiymət fərqinin azalmasına səbəb olmuşdu. İndi isə vəziyyət dəyişir. Məsələn, Çin gələcəkdə batareyalarla bağlı xərclərin artması və digər amillər səbəbindən avtomobillərin qiymətini bir qədər də qaldırsa, bu, qlobal bazara da təsir göstərə bilər. Belə olan halda, hibrid və elektromobillərin tamamilə sıradan çıxıb-çıxmayacağını indidən demək mümkün deyil".
Ekspert əlavə edib ki, lakin benzinlə işləyən avtomobillər daha ucuz təklif olunarsa və bu tendensiya təkcə Azərbaycanda deyil, digər ölkələrdə də davam edərsə, alıcıların seçimində qiymət amili və emosional qərarlar mühüm rol oynayacaq:
"Avropa və ABŞ-də yanacaq xərcləri daha böyük əhəmiyyət daşıdığı üçün insanlar ilkin alış zamanı daha baha olsa belə, hibrid və elektromobillərə üstünlük verirlər. Azərbaycanda isə yanaşma bir qədər fərqlidir. Belə ki, vəziyyət ölkələr üzrə dəyişəcək. Bu rəqəmlərin formalaşmasında böyük ölkələr, xüsusilə də Çin mühüm rol oynayır. Çünki batareyaların istehsalının böyük hissəsi Çinin payına düşür. Əgər Çin gələcəkdə subsidiyaları daha da azaltsa və qiymətləri artırsa, alıcılar üçün alternativ yenidən benzin və ya dizellə işləyən avtomobillər ola bilər. Dizel avtomobillər isə hazırda daha çox magistral yollarda və uzun məsafəli səfərlərdə istifadə üçün əlverişli hesab olunur. Bununla belə, ümumi hədəf dəyişmir. 2030-cu il və sonrakı dövr üçün qarşıya qoyulan məqsədlər çərçivəsində avtomobil bazarında rəqəmlərin dəyişməsi, 2035-ci ilə doğru isə hibrid və digər daha az yanacaq sərf edən avtomobillərin payının mümkün qədər artırılması nəzərdə tutulur".


