Azərbaycanda orta aylıq əməkhaqqı sahələr üzrə ciddi fərqlənir. Ən yüksək orta maaş 4 207,2 manatla mədənçıxarma sənayesində qeydə alınıb. Maliyyə və sığorta sahələri 3 102,1 manatla ikinci, informasiya və rabitə sahələri isə 2 130,2 manatla üçüncü yerdə qərarlaşıb. Ən aşağı orta aylıq əməkhaqqı isə 749 manatla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşüb.
İqtisadçı Razi Abasbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələrdən biri neft-qaz sektorudur:

"Bu sahədə hasilatın yüksək olması kapital tutumunun və məhsuldarlıq səviyyəsinin yüksək olması ilə bağlıdır. Sektor böyük iqtisadi gəlir yaratsa da, ölkədə məşğulluğun çox kiçik bir hissəsini əhatə edir. İkinci yerdə maliyyə və sığorta sektoru gəlir. Bu sahədə də əməkhaqları nisbətən yüksəkdir. Amma bununla belə, bank sektorunda orta əməkhaqqının 3100 manat civarında olması bütün bank əməkdaşlarının bu məbləğdə maaş aldığını göstərmir. Daha sonra informasiya və rabitə sahələri gəlir ki, burada da əməkhaqları nisbətən yüksəkdir. Qeyd etdiyimiz neft-qaz, maliyyə, informasiya və rabitə sektorlarında çalışan ixtisaslı kadrlar ölkənin ümumi əmək bazarında böyük paya sahib deyil. Ən çox məşğulluğun olduğu sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahədə aşağı məhsuldarlıq və gəlirlərin qeyri-sabitliyi müşahidə olunur. Xüsusilə kiçik biznes subyektləri üzrə aparılan statistik təhlillər göstərir ki, Azərbaycanda məşğul əhalinin böyük hissəsi aşağı əməkhaqqı alır və ya əmək müqaviləsi olmadan, qeyri-rəsmi şəkildə fəaliyyət göstərir. Məsələn, Beynəlxalq Valyuta Fondunun 2026-cı il üzrə Azərbaycan iqtisadiyyatına dair hesabatında diqqətçəkən məqamlardan biri budur ki, 2024-cü ildə kənd təsərrüfatı məşğulluğun təxminən 35 faizini təmin etdiyi halda, ümumi daxili məhsulda payı 5-6 faizdən bir qədər çox olub. Karbohidrogen sektoru isə ümumi daxili məhsulun təxminən 31,8 faizini yaratdığı halda, işçi qüvvəsinin cəmi 1 faizini əhatə edib. Yəni bu sektor ölkənin iqtisadi gəlirlərində böyük paya sahib olsa da, ümumi məşğulluqda payı olduqca azdır".
İqtisadçı bildirib ki, əməkhaqları arasındakı fərqlərin yaranmasının digər səbəbləri regionlar və işəgötürənlər arasındakı fərqlərlə bağlıdır:
"Bakıda iri şirkətlərdə yüksək maaşlı işçilər cəmləşdiyi halda, kənd yerlərində kiçik təsərrüfatlarda gəlirlər daha aşağıdır. Qeyri-rəsmi məşğulluq da əsas məqamlardan biridir. Əmək müqaviləsi olmadan çalışanların gəlirləri və iş şəraiti statistikada tam əks olunmur. Bu hal xüsusilə aqrar sektorda və kiçik biznes subyektlərində geniş yayılıb. Nəticədə əməkhaqları arasında ciddi fərqlər yaranır. Yüksək gəlirli karbohidrogen, maliyyə, informasiya və rabitə sahələrində əməkhaqları yüksək olsa da, bu sahələrin ümumi məşğulluqda payı 2 faizi keçmir. Halbuki aşağı əməkhaqqı alanların məşğul əhali arasında payı 40 faizdən çoxdur. Nəticə etibarilə əməkhaqları arasında böyük fərq yaranır. Bütün bunlar Azərbaycanda orta aylıq əməkhaqqının yüksək olması ilə bağlı müəyyən təsəvvür formalaşdırır. Lakin Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarında əks olunan göstəricilər əmək bazarında ciddi fərqlərin olduğunu göstərir. Yüksək əməkhaqqı alanların məşğul əhali arasında payı təxminən 2 faiz olduğu halda, aşağı əməkhaqqı alanların payı 40 faizə yaxındır. Bu iki qrup arasındakı gəlir fərqi ümumi hesablamalarda orta aylıq əməkhaqqı göstəricisinin yüksəlməsinə səbəb olur. Beləliklə, orta aylıq əməkhaqqının artması əhalinin yaşayış səviyyəsinin də yüksəlməsi təəssüratını yarada bilər. Amma reallıqda vəziyyət fərqli ola bilər. Çünki məşğul əhalinin böyük hissəsi, təxminən 40 faizi, aşağı əməkhaqqı alır. Yalnız 2-3 faizlik kiçik bir qrupun yüksək gəlir əldə etməsi isə ümumi orta əməkhaqqı göstəricisinə ciddi təsir göstərir. Əməkhaqları arasındakı bu uçurum investisiya qoyuluşlarının və iqtisadi fəallığın qeyri-bərabər paylanması, xüsusilə aqrar sektorda geriləmə, məhsuldarlığın aşağı olması və bazar gəlirlərinin azalması kimi amillərlə bağlıdır. Bütün bunlar əməkhaqları arasında ciddi fərqlərin yaranmasına gətirib çıxarır".


