Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər təsadüfi nəticə deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, ordu quruculuğunun, hərbi potensialın gücləndirilməsinin və xalq-dövlət birliyinin nəticəsidir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı hər kəsə Vətən müharibəsində əldə edilmiş Zəfərin hansı siyasi, hərbi və strateji zəmin üzərində formalaşdığını bir daha aydın göstərdi.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.
O qeyd edib ki, Azərbaycanın bugünkü hərbi və siyasi uğurlarını ölkənin müstəqillik tarixindən, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttindən ayrı təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın güclü dövlət kimi formalaşmasının, iqtisadi və hərbi potensialının yaradılmasının əsasını qoyub, Prezident İlham Əliyev isə bu siyasəti davam etdirərək Azərbaycanın hərbi gücünün daha da artırılmasına, müasir ordu quruculuğuna və nəticə etibarilə ərazi bütövlüyünün bərpasına nail olub. Bu baxımdan Vətən müharibəsindəki Zəfər bir tərəfdən illər ərzində formalaşdırılmış dövlət və ordu potensialının, digər tərəfdən isə həmin potensialın düzgün strateji istiqamətdə səfərbər edilməsinin nəticəsidir.
Ekspert bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində işğala son qoymaqla yanaşı, bölgədə yeni reallıqlar yaradıb. Onun sözlərinə görə, bu Zəfərin əldə edilməsində ən mühüm amillərdən biri Azərbaycan dövlətinin illər ərzində həyata keçirdiyi ordu quruculuğu siyasəti olub: "Azərbaycan Ordusunun 2020-ci ildə nümayiş etdirdiyi döyüş qabiliyyəti uzun illər ərzində formalaşdırılmış hərbi potensialın nəticəsi idi. Bu potensial yalnız silah və texnikadan ibarət deyildi. Burada döyüş hazırlığı, komandanlıq, şəxsi heyətin peşəkarlığı, hərbi texnologiyaların tətbiqi və ən əsası, siyasi iradə bütöv bir sistem təşkil edirdi".
Ramil Məmmədli deyib ki, Azərbaycanın Zəfərini kənar qüvvələrin hər hansı yardımı ilə izah etmək düzgün yanaşma deyil. Ekspertin fikrincə, Azərbaycan müxtəlif ölkələrdən silah və hərbi texnika alıb, beynəlxalq təcrübədən yararlanıb və bu, dünyanın əksər dövlətlərinin istifadə etdiyi normal hərbi inkişaf mexanizmidir. Lakin alınan silahı istifadə etmək, onun imkanlarını milli hərbi doktrinaya uyğunlaşdırmaq və döyüş meydanında üstünlük əldə etmək tamamilə Azərbaycan Ordusunun hazırlığından, komandanlığın qərarlarından və şəxsi heyətin peşəkarlığından asılı olub. O diqqətə çatdırıb ki, Azərbaycan bütün bu silahları öz maliyyə imkanları hesabına əldə edib və buna görə də Vətən müharibəsində qazanılmış Qələbənin əsasını məhz Azərbaycanın öz dövlət resursları, ordusu və xalqın birliyi təşkil edir.
Hərbi ekspertin sözlərinə görə, Zəfər yalnız 44 gün ərzində əldə olunan hərbi nəticə kimi qiymətləndirilməməlidir. Vətən müharibəsinəqədərki illərdə Azərbaycanın həm hərbi, həm siyasi, həm də iqtisadi potensialının gücləndirilməsi bu Qələbənin mühüm hazırlıq mərhələsi olub. Ramil Məmmədli bildirib ki, müharibədən sonra da Azərbaycan bir gün belə öz əsas məqsədindən geri çəkilməyib və ərazi bütövlüyünün tam bərpası istiqamətində ardıcıl fəaliyyət göstərib. Qarabağda strateji mövqelərin yaxşılaşdırılması və həyata keçirilən hərbi əməliyyatlar nəticə etibarilə 2023-cü il sentyabrın 20-də separatizmə son qoyulması, ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə nəticələnib. Ekspert hesab edir ki, 8 Noyabr və 20 Sentyabr Azərbaycanın hərb tarixində bir-birini tamamlayan iki mühüm Zəfər kimi qiymətləndirilməlidir: "Prezident İlham Əliyevin dediyi kimi, bu iki hərbi Zəfər təkcə xalqımız, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranıb və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik".
Ramil Məmmədli diqqətə çatdırıb ki, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş hərbi üstünlüyün və təhlükəsizlik imkanlarının qorunmasıdır. Dünyanın müxtəlif istiqamətlərində müharibə və münaqişələrin davam etdiyini nəzərə alaraq, Azərbaycan istənilən hərbi təxribata hazır olmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manat vəsait nəzərdə tutulduğunu bildirməsi xüsusi əhəmiyyət daşıyır.
Ekspert əlavə edib ki, Azərbaycanın Zəfərdən sonrakı əsas hədəflərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsidir. Prezidentin çıxışında qeyd edildiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, hazırda həmin ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. "Azərbaycanın Zəfəri yalnız döyüş meydanında ərazilərin azad edilməsi ilə tamamlanmayıb. Əsl Zəfərin nəticəsi bu torpaqlarda həyatın yenidən qurulmasıdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işləri, insanların öz doğma yurdlarına qayıtması hərbi Qələbənin davamı və onun real nəticəsinin göstəricisidir. Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir", – deyə hərbi ekspert qeyd edib.


