Smartfon alarkən artıq yalnız texniki göstəricilər və qiymət deyil, cihazın neçə il proqram təminatı dəstəyi alacağı da nəzərə alınır. Uzunmüddətli yeniləmələr telefonun daha uzun müddət aktual qalmasına, həmçinin təhlükəsizlik boşluqlarından qorunmasına imkan verir.
Mütəxəssislər uzunmüddətli proqram dəstəyi ilə seçilən və ən azı 5 il istifadə üçün uyğun hesab edilən 5 Android smartfonu müəyyənləşdiriblər.
Samsung Galaxy S25 FE
2025-ci ilin sentyabrında təqdim olunan Galaxy S25 FE yeddi il ərzində Android və təhlükəsizlik yeniləmələri alacaq. Bu, modelin təxminən 2032-ci ilə qədər dəstəklənəcəyi deməkdir. 8 GB RAM və 128 GB yaddaşa malik versiyanın qiyməti təxminən 650 dollar, 256 GB-lıq model isə 729 dollar civarındadır.
Smartfon 6,7 düymlük 120 Hz Dynamic AMOLED ekran, 50 MP əsas, 12 MP ultra genişbucaqlı və 8 MP telefoto kameralarla təchiz olunub. Cihazda 4900 mAh batareya, 45 Vt simli və 15 Vt simsiz enerji doldurma dəstəyi var. Performansı Exynos 2400 prosessoru təmin edir.
Samsung Galaxy A56
Galaxy A56 da uzunmüddətli istifadə üçün diqqətçəkən modellərdən biridir. 2025-ci ilin martında satışa çıxarılan smartfon əvvəlcə 6 il yeniləmə almalı idi. Lakin Samsung dəstək müddətini 7 ilə qədər artırıb.
Təxminən 380 dollara 8 GB RAM və 256 GB yaddaşa malik versiyanı əldə etmək mümkündür. Model 6,7 düymlük 120 Hz Super AMOLED ekran, 50+12+5 MP üçlü kamera və 5000 mAh batareya ilə təchiz olunub. Smartfonda Exynos 1580 prosessoru və süni intellekt funksiyaları da mövcuddur.
OnePlus Nord 6
Siyahıdakı ən güclü modellərdən biri OnePlus Nord 6-dır. 2026-cı ilin aprelində təqdim edilən smartfon 4 böyük Android yeniləməsi və 6 il təhlükəsizlik yeniləməsi alacaq. Bu isə cihazın təxminən 2030–2031-ci illərə qədər dəstəklənməsi deməkdir.
8 GB RAM və 256 GB yaddaşa malik versiyanın qiyməti təxminən 490 dollar, 12 GB RAM-lı model isə 550 dollar civarındadır. Nord 6 Snapdragon 8s Gen 4 prosessoru, 6,78 düymlük 165 Hz AMOLED ekran və 9000 mAh batareya ilə fərqlənir. Cihaz 80 Vt sürətli enerji doldurmanı dəstəkləyir və adapter komplektə daxildir.
Samsung Galaxy A37
Samsung Galaxy A37 orta qiymət seqmentində uzunmüddətli dəstəyi ilə seçilir. İstehsalçı modelə 6 il Android və təhlükəsizlik yeniləməsi təqdim edir. Bu səbəbdən smartfonun təxminən 2032-ci ilə qədər aktual qalacağı gözlənilir.
Modelin qiyməti 6 GB RAM və 128 GB yaddaş üçün təxminən 436 dollardan başlayır. 256 GB yaddaşlı versiya isə 520 dollar civarındadır. Galaxy A37 6,7 düymlük 120 Hz Super AMOLED ekran, 50 MP əsas kamera və Exynos 1480 prosessoru ilə təchiz olunub.
Fairphone Gen 6+
Siyahıdakı digər modellərdən fərqli olaraq Fairphone Gen 6+ uzunmüddətli proqram dəstəyi ilə yanaşı, təmir imkanları ilə də seçilir. İstehsalçı smartfona 6 böyük Android yeniləməsi vəd edir və dəstəyin 2032-ci ilə qədər davam edəcəyi bildirilir.
Modelin əsas üstünlüklərindən biri əsas komponentlərin istifadəçi tərəfindən dəyişdirilə bilməsidir. Şirkət ekran, kamera, batareya, arxa qapaq, SIM kart yuvası və mikrofonlar da daxil olmaqla 12 dəyişdirilə bilən detalı ən azı 2033-cü ilə qədər təqdim etməyi planlaşdırır.
Təxminən 649 dollar qiymətə satılan Fairphone Gen 6+ 12 GB RAM, 256 GB yaddaş, 6,31 düymlük 120 Hz LTPO AMOLED ekran, Snapdragon 7s Gen 4 prosessoru, 50 MP əsas kamera və 4415 mAh batareya ilə təchiz olunub.
Beləliklə, uzunmüddətli proqram dəstəyi artıq yalnız bahalı flaqman smartfonların üstünlüyü deyil. Orta və nisbətən sərfəli qiymət seqmentində də istifadəçiyə 5–7 il ərzində yeniləmə almağa imkan verən modellərin sayı artır.
Jalə


