Özəl

Dələduzluğun sübutu üçün bu sənədləri mütləq saxlayın — Açıqlama

Dələduzluğun sübutu üçün bu sənədləri mütləq saxlayın — Açıqlama

Son dövrlər sosial şəbəkələrdə saxta iş və təhsil elanları vasitəsilə vətəndaşların aldadılması halları diqqət çəkir. Belə elanlarla qarşılaşan şəxslərin hansı hüquqi addımları atmalı olduğu və bu hallarda məsuliyyətin necə müəyyənləşdirildiyi maraq doğurur.

Bəs saxta elanlarla bağlı vətəndaş hara müraciət etməli və dələduzluq faktını sübuta yetirmək üçün hansı məlumat və sübutları saxlamalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib ki, son zamanlarda təəssüflər olsun ki, dələduzluq cinayətlərinin sayı kifayət qədər çoxalmışdı və dələduzluq cinayətinin formaları və üsulları da kifayət qədər müxtəlifdir.

Dələduzluğun sübutu üçün bu sənədləri mütləq saxlayın — Açıqlama

Onun sözlərinə görə, gündəmdə olan məsələlərdən biri şəxslərin sosial şəbəkələrdə hansısa göstəriləcək xidmətlər vasitəsilə etibarlarının qazanılması və sonunda ödədikləri məbləğlərin onların geri qaytarılmaması, vəd verilən xidmətlərin isə göstərilməməsi ilə bağlıdır:

"Bu xidmətlər müxtəlif formadadır. Son dövrlərdə məşhur olan dələduzluqlar təhsillə bağlı, nəqliyyat vasitəsinin xaricdən gətirilməsi ilə bağlı və yaxud da ki, turistik xidmətlər, yəni biletlərin satılması, turların satılması ilə bağlı olan xidmətlərin göstərilməsi ilə bağlı dələduzluq halları kifayət qədər çoxalmışdı. Sosial şəbəkələrdə həmin xidmətləri göstərən şəxslər, güya ki göstərən şəxslər müxtəlif formalı elanlar yerləşdirirlər, xidmətləri daha ucuz qiymətə təklif etməklə vətəndaşların etibarını qazanırlar, maraqlarını yaradırlar və ondan sonra onların müəyyən məbləğdə ödənişlər etməyə sövq edirlər. Ödəniş olduqdan sonra isə nə xidmət göstərilir, nə də təəssüflər olsun ki, həmin məbləği geri almaq mümkün olur. Belə olan təqdirdə adi qaydada vətəndaş pulu ödədiyi yer üzrə müvafiq polis orqanına müraciət etməlidir. Çünki belə bir cinayətlərdə cinayət hadisəsinin baş vermə yeri pulun həmin cinayəti törədən şəxsə təqdim olunduğu yer hesab olunur.

Yəni adi qaydada vətəndaş kimləsə görüşürsə, misal deyək, Yasamal rayonu ərazisində görüşür və ona müəyyən məbləğdə pul ödənişi edir, sonradan həmin şəxs müəyyən olunur ki, dələduzluq əməli törətmişdir. Belə olan təqdirdə həmin cinayət işi, əlbəttə ki, Yasamal rayonu ərazisində aparılmalıdır. Amma sosial şəbəkələrlə bağlı olan hissədə vətəndaş bir çox hallarda pulu öz kartından ödəyir və əlbəttə ki, əksər hallarda da yaşadığı evdən və yaxud da ki həmin əraziyə yaxın bir yerdən həmin ödənişi həyata keçirirlər. Ola bilsin kartdan ödəsin, ola bilsin hər hansısa bir terminaldan həmin şəxslərin təqdim elədiyi hesabları ödəniş eləsin. Ödəniş olunan yerdə artıq o cinayət hadisəsi baş vermiş hesab olunur. Ona görə həmin ərazi üzrə müvafiq hüquq-mühafizə organına müraciət olunmalıdır. Və şəxs əgər ehtimal varsa ki, ümumiyyətlə aldadılma ehtimalı varsa, şübhələr varsa, hətta bu şübhələr yoxdursa belə kifayət qədər tanımadığı bir şəxslə, təşkilatla bu xidmətlərin göstərilməsi ilə bağlı danışıqlar aparırsa, mütləq şəkildə həmin danışıqların bir stenoqramını, yəni WhatsApp danışığıdır və ya sosial şəbəkələrdən aparılan danışıqlardır, onları mütləq şəkildə saxlamalıdır.

Bu, gələcəkdə həmin danışıqların olmasını, pulun ödənişini sübut eləmək üçün bir vasitələrdir. Həmçinin, təbii olaraq, pulun ödənildiyi qəbzləri de, bank çıxarışlarını da müvafiq olaraq saxlamalıdır ki, hüquq-mühafizə organı araşdırma aparan zaman həmin sənədləri ora təqdim eləyə bilsin. Bu sənədlər olmadığı təqdirdə, o danışıqları təqdim eləmək mümkün olmadığı təqdirdə şəxsin ümumiyyətlə aldadıldığını sübut eləmək kifayət qədər çətinləşir. Bu səbəbdən vətəndaş özünü sığortalamaq üçün bütün bu danışıqları, ödəniş tapşırıqlarını, çekləri, qəbzləri hamısını saxlamalıdır ki, gələcəkdə aldadıldığı təqdirdə şikayət elədiyi orqana o sənədləri təqdim eləyə bilsin".