Cəmiyyət

Pasiyent həkim səhvinə görə ölübsə, ailə nə edə bilər?

Pasiyent həkim səhvinə görə ölübsə, ailə nə edə bilər?

Tibbi müdaxilə zamanı yol verilən səhv və ya səhlənkarlıq bəzi hallarda ağır nəticələrə, hətta pasiyentin ölümünə səbəb ola bilər. Belə hallarda mərhumun yaxınları üçün əsas suallardan biri baş verən hadisənin hüquqi baxımdan necə qiymətləndirilməsi və onların hansı hüquqlara malik olmasıdır.

Həkim səhvi nəticəsində şəxsin ölümü baş verdikdə mərhumun yaxınları hansı hüquqlardan istifadə edə bilərlər?

Demokrat.az-a bu barədə danışan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının vəkili, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Muradxanlı söyləyib ki, şəxsin tibbi yardım göstərilməsi zamanı həkimin və ya digər tibb işçisinin peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsi, tibbi yardım göstərməkdən əsassız olaraq imtina etməsi, səhlənkarlıq və ya digər qanun pozuntuları nəticəsində pasiyentin vəfat etməsi ağır hüquqi nəticələr doğura bilər:

Pasiyent həkim səhvinə görə ölübsə, ailə nə edə bilər?

"Belə hallarda mərhumun yaxınları həm cinayət-prosessual, həm mülki-hüquqi, həm də qanunvericilikdə nəzərdə tutulan digər müdafiə vasitələrindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tibb işçisinin hər hansı səhvi avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Bunun üçün tibb işçisinin konkret hərəkəti və ya hərəkətsizliyi, tibbi yardım göstərilməsi qaydalarının pozulması, təqsir, ölüm nəticəsi və həmin hərəkət və ya hərəkətsizliklə ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir. Bu halların araşdırılmasında tibbi sənədlər, ekspert rəyləri, şahid ifadələri və digər sübutlar mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 142-ci maddəsi tibbi xidmətin göstərilməsi qaydalarının pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin maddənin 142.4-cü bəndinə əsasən, tibbi xidmətin göstərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, qanunla müəyyən edilmiş hallarda cinayət məsuliyyəti yarana bilər. Bununla yanaşı, hadisənin konkret hallarından asılı olaraq Cinayət Məcəlləsinin digər müddəalarının tətbiqi də mümkündür".

Vəkil qeyd edib ki, ölümlə bağlı cinayət işi başlandıqda mərhumun yaxın qohumlarından biri Cinayət-Prosessual Məcəllənin 106-cı maddəsinə əsasən hüquqi varis kimi tanına bilər:

"Hüquqi varis mərhumun hüquq və vəzifələrini cinayət işi üzrə həyata keçirmək, istintaq və məhkəmə prosesində iştirak etmək, müvafiq vəsatətlər vermək, sübutların toplanmasını və hadisənin tam, hərtərəfli və obyektiv araşdırılmasını tələb etmək hüququna malikdir. Belə işlərdə tibbi sənədlərin qorunması və araşdırılması xüsusi əhəmiyyət daşıyır. Xəstəlik tarixçəsi, analizlərin və müayinələrin nəticələri, əməliyyat protokolları, təyinat vərəqələri, epikriz, konsilium sənədləri və digər tibbi materiallar ölümün səbəbinin və tibbi yardımın düzgün göstərilib-göstərilmədiyinin müəyyən edilməsində mühüm sübutlar ola bilər. Mərhumun yaxınları bu sənədlərin toplanmasını və məhkəmə-tibbi ekspertizanın keçirilməsini tələb edə bilərlər. Bundan əlavə, tibbi xidmət nəticəsində şəxsin ölümü maddi və mənəvi zərərin ödənilməsi məsələsini də gündəmə gətirə bilər. Konkret işin hallarından asılı olaraq dəfn və digər zəruri xərclərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər maddi zərərlərin ödənilməsi tələb edilə bilər. Ölüm nəticəsində mərhumun ailə üzvlərinin və yaxınlarının məruz qaldığı mənəvi sarsıntı və iztirablarla bağlı mənəvi zərərin kompensasiyası məsələsi də məhkəmə qarşısında qaldırıla bilər".

Vüsalə Muradxanlı bildirib ki, məsuliyyət yalnız konkret həkimin hərəkətləri ilə məhdudlaşmaya bilər:

"Tibbi yardımın təşkilində, növbətçiliyin təmin edilməsində, zəruri avadanlıq və dərman vasitələrinin mövcudluğunda və digər təşkilati məsələlərdə pozuntular olduğu halda tibb müəssisəsinin və ya digər vəzifəli şəxslərin məsuliyyəti məsələsi də araşdırılmalıdır. Beləliklə, həkim və ya digər tibb işçisinin hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin ölümü baş verdikdə mərhumun yaxınlarının hüquqları yalnız təqsirkarın cəzalandırılmasını tələb etməklə məhdudlaşmır. Onlar ölümün həqiqi səbəbinin müəyyən edilməsini, baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, tibbi sənədlərin və ekspertiza nəticələrinin obyektiv araşdırılmasını, eləcə də qanunvericiliklə nəzərdə tutulan hallarda maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər. Çünki itirilmiş həyatın geri qaytarılması mümkün olmasa da, həqiqətin müəyyən edilməsi, məsuliyyətin təmin olunması və ədalətin bərqərar edilməsi mərhumun yaxınlarının qanuni haqqıdır. Hər bir belə hadisənin obyektiv araşdırılması yalnız bir ailənin hüquqlarının müdafiəsi deyil, gələcəkdə eyni səhvin başqa bir insanın həyatına son qoymasının qarşısının alınması baxımından da mühüm hüquqi və ictimai əhəmiyyət daşıyır. Bəzən bir insanın həyatı geri qaytarıla bilmir, lakin onun ölümü cavabsız qalmamalıdır. Ədalət isə məhz həqiqətin üzə çıxarıldığı andan başlayır".

FH
Fidan Hacızadə
Müxbir