Alimlər Ayın səthindəki tozdan istifadə edərək LEGO parçalarına bənzər tikinti blokları hazırlamağa nail olublar. Yeni texnologiya gələcəkdə Ayda daimi yaşayış məntəqələrinin inşasını asanlaşdıra bilər.
Demokrat.az xəbər verir ki, Arkanzas Universitetinin tədqiqatçıları Ay səthini örtən süxur və toz qarışığına bənzər materialdan 3D çap vasitəsilə bir-birinə birləşdirilə bilən bloklar hazırlayıblar. Bu üsul gələcəkdə kosmik missiyalar zamanı tikinti materiallarının Yerdən daşınması ehtiyacını azalda bilər.
Tədqiqatçılar blokları hazırlamaq üçün lazer vasitəsilə toz hissəciklərini birləşdirən texnologiyadan istifadə ediblər. Hazırlanan blokların əlavə birləşdirici maddələr olmadan bir-birinə keçməsi və müxtəlif konstruksiyalar yaratması mümkündür.
Bununla belə, alimlər bildirirlər ki, texnologiya hələ ilkin mərhələdədir. Blokların möhkəmliyinin artırılması, Ayın vakuum şəraitində və aşağı cazibə qüvvəsində necə davranacağının öyrənilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Tədqiqat gələcəkdə Ayda yaşayış bazalarının qurulması üçün yerli materiallardan istifadənin mümkünlüyünü göstərir.




