Şamaxıda gənclərin sağlam həyat tərzinin təşviqi, velosiped mədəniyyətinin inkişafı və idmanın geniş təbliği məqsədi daşıyan "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib.
Demokrat.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və "Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdən öncə Şamaxı şəhərində kütləvi veloyürüş təşkil olunub. İştirakçılar küçələr boyunca hərəkət edərək sağlam həyat tərzinin, fiziki aktivliyin və velosiped idmanının təbliğinə töhfələrini veriblər. Veloyürüş sakinlərin də diqqətini cəlb edib.
Daha sonra layihənin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, "Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin rəhbəri Vüqar Salahov və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edənlər ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildiriblər. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində gənclərə yüksək dövlət qayğısı göstərilir, onların hərtərəfli inkişafı, idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunda yetişdirilməsi üçün geniş imkanlar yaradılır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin sosial fəallığının artırılmasına, idmanın kütləviləşdirilməsinə və sağlam nəslin formalaşdırılmasına yönəlmiş təşəbbüslərinin, göstərdiyi diqqət və qayğının bu sahədə qazanılan uğurlarda mühüm rol oynadığı xüsusi qeyd olunub.
Çıxışlarda velosiped idmanının gənclərin fiziki və mənəvi inkişafındakı əhəmiyyətinə diqqət çəkilib, onların cəmiyyətin fəal üzvləri kimi formalaşmasında bu istiqamətdə həyata keçirilən layihələrin vacibliyi vurğulanıb.
Dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq reallaşdırılan "Gənclik Yolunda" layihəsi gənclər arasında sağlam həyat tərzinin təşviqinə, velosiped mədəniyyətinin genişləndirilməsinə, idmana marağın artırılmasına və yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinə xidmət edir.
Layihənin növbəti mərhələdə İsmayıllı və Qəbələ rayonlarında da davam etdirilməsi nəzərdə tutulur. Bu mərhələ çərçivəsində daha çox gəncin layihəyə cəlb edilməsi, velosiped idmanına marağın artırılması və sağlam həyat tərzinin təşviqinin daha geniş coğrafiyada davam etdirilməsi hədəflənir.



