Diplom insanın illərlə qazandığı bilik və əməyin rəsmi təsdiqi hesab olunur. Lakin təhsil almadan, imtahan vermədən və ya saxta sənəd əldə etməklə diplom sahibi olmağa çalışanlar da az deyil. Xüsusilə bəzi vəzifələrə qəbul zamanı ali təhsil sənədinin əsas tələb olması bu cür hallara yol açır. Belə şəxslər bəzən saxta diplomla işə düzəlməklə kifayətlənmir, uzun müddət həmin sənədlə fəaliyyətlərini davam etdirirlər. Halbuki bu addımın qanun qarşısında ciddi nəticələri var.
Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən, bilə-bilə saxta rəsmi sənəddən istifadə edən şəxslər 1000 manatdan 2000 manatadək cərimə edilə bilər. Alternativ olaraq, 240 saatdan 300 saatadək ictimai işlərə, bir ilədək islah işlərinə və ya bir ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.
Saxta diplomun hazırlanması və ya satılması isə daha ağır məsuliyyət yaradır. Məcəllənin 320.1-ci maddəsinə görə, bu əmələ görə 3000 manatdan 6000 manatadək cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Məsələnin diqqətçəkən tərəflərindən biri də saxta diplomla işə qəbul olunan şəxslərin sonrakı fəaliyyətidir. Belə ki, həmin şəxsin diplom əsasında vəzifəyə təyin edilməsi, əmək müqaviləsi bağlaması və uzun müddət əməkhaqqı alması əlavə hüquqi suallar yaradır. Əgər müvafiq vəzifə üçün ali təhsil və konkret ixtisas qanunla tələb olunursa, saxta sənədin təqdim edilməsi əmək münasibətlərinə də təsir göstərə bilər. Sənədin saxta olması təsdiqləndikdə işəgötürən əmək qanunvericiliyinin tələblərinə uyğun tədbirlər görə bilər.
Digər mühüm məsələ isə saxta diplomdan istifadə edən şəxsin həmin sənədin həqiqiliyindən xəbərdar olub-olmamasıdır. Çünki qanunvericilikdə məsuliyyətin yaranması üçün şəxsin sənədin saxta olduğunu bilə-bilə ondan istifadə etməsi əsas şərtlərdən biridir. Yəni saxta olduğu müəyyən edilən hər bir sənədin sahibi avtomatik olaraq cinayət məsuliyyətinə cəlb edilmir.
Qeyd edək ki, diplomun xaricdə əldə edilməsi və Azərbaycanda tanınmaması onun avtomatik saxta hesab edilməsi demək deyil. Xarici diplomun tanınması, təhsil sənədinin həqiqiliyi və onun ölkədə hüquqi qüvvəyə malik olması ayrı-ayrı məsələlərdir. Buna görə də tanınmayan diplomla saxta diplom anlayışlarını eyniləşdirmək düzgün deyil.



