Google-un yüzlərlə əməkdaşı şirkəti uşaqları süni intellektdən istifadədən çəkindirməyə və məktəblərdə bu texnologiyanın tətbiqindən imtina etməyə çağırıb.
Demokrat.az-a bu barədə danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, dünyada gedən inkişafa qarşı çıxmaq olmaz:
"Süni intellekt artıq bütün dünyada həm məişətdə, həm sənayedə, həm də elm və təhsildə tətbiq olunur. Bunun qarşısını almaq mümkün deyil. Ancaq əməkdaşların belə bir təşəbbüsü varsa, əlbəttə ki, alqışlanmalıdır. Çünki artıq görürük ki, süni intellekt insanları həm milli dəyərlərdən uzaqlaşdırır, həm də müəyyən yaş dövründən sonra düşüncə baxımından kütləviləşməyə aparır. Təhsillə bağlı məsələyə gəldikdə, süni intellektin sənayedə və kənd təsərrüfatında tətbiqinə etirazım yoxdur. Ancaq süni intellektin elm və təhsildə istifadəsini ölkə olaraq müəyyən qədər məhdudlaşdırmalıyıq. Çünki bu sahədə ciddi problemlər yarana bilər. Süni intellekt ona verilən suallar əsasında məlumat bazasını formalaşdırır. Əgər suallar düzgün qurulmasa, gələcək nəsil də süni intellektdən səmərəli istifadə edə bilməyəcək və yanlış məlumatlar əsasında formalaşacaq. Bu baxımdan ədəbiyyatımız, coğrafiyamız, tariximiz, milli dəyərlərimiz və mentalitetimiz müəyyən zərbələrə, zədələrə məruz qala bilər. Ona görə də düşünürəm ki, rəsmi qurumlar bu istiqamətdə müəyyən tədbirlər planı hazırlamalıdırlar. Heç olmasa, süni intellektin elm və təhsildə istifadəsi məhdudlaşdırılmalıdır".
Ekspert əlavə edib ki, müəllimin verdiyi hər hansı tapşırığı şagird və ya tələbə heç bir əziyyət çəkmədən ChatGPT vasitəsilə hazırlayıb təqdim edə bilər:
"Bu zaman şagird və ya tələbə artıq özü düşünmür, öz bilik və bacarığına əsaslanaraq məhsul ortaya qoymur. Gələcəkdə süni intellektə bu cür arxayınlıq daha ciddi problemlərə səbəb ola bilər. Belə bir təşəbbüs varsa, əlbəttə ki, alqışlanmalıdır. Düşünürəm ki, Azərbaycan da rəsmi, ən azı dövlət səviyyəsində bu məsələlər barədə düşünməli və müvafiq addımlar atmalıdır.
Xatırladım ki, UNESCO rəhbərliyi də bu məsələ ilə bağlı təşəbbüs irəli sürmüşdü. Ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində və ümumilikdə tədrisin bütün sahələrində süni intellektin istifadəsinin müəyyən mənada məhdudlaşdırılması, eyni zamanda, süni intellektdən insanın özü tərəfindən istifadəsinin təşviq olunması təklif edilirdi. Bu məsələyə daha ciddi yanaşılsa, düşünürəm ki, elm, təhsil və cəmiyyət bundan fayda görər".



