Son dövrlərdə uşaqlar və yeniyetmələr arasında aqressiv davranışların, bir-birinə qarşı fiziki və psixoloji şiddətin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzən adi mübahisə kimi başlayan qarşıdurmalar təhqir, təhdid və fiziki zorakılığa, hətta ağır xəsarət və cinayət hallarına qədər gedib çıxır. Xüsusilə sosial şəbəkələrdə yayılan zorakılıq görüntüləri də bu problemin miqyasını gündəmə gətirir.
Uşaqlar və yeniyetmələr arasında aqressiyanın və bir-birinə qarşı şiddətin artmasının əsas səbəbləri nələrdir? Bu davranışların qarşısının alınması və hadisələrin cinayət həddinə çatmaması üçün valideynlər, məktəb və cəmiyyət hansı addımları atmalıdır?
Psixoloq Zümrüd Əsədova Demokrat.az-a açıqlamasında söyləyib ki, uşaqlarda və yeniyetmələrdə aqressiv davranışın arxasında çox vaxt gördüyümüz davranışdan daha dərin səbəblər dayanır:

"Uşaq bəzən yaşadığı stressi, qorxunu, qəzəbi və ya özünü dəyərsiz hiss etməsini sözlə ifadə edə bilmir və bunu davranışı ilə göstərir. Bunun bir çox səbəbi ola bilər. Ailədə davamlı münaqişələrin olması, uşağa qarşı sərt və ya zorakı münasibət, diqqətsizlik, valideynlərin emosional olaraq əlçatan olmaması, məktəbdə təzyiq və bullinq, sosial mühit, həmçinin sosial şəbəkələrdə zorakılığın normal və ya əyləncəli bir şey kimi təqdim olunması uşağın davranışına təsir edə bilər. Digər tərəfdən, yeniyetməlik dövrünün də öz xüsusiyyətləri var. Bu yaşda emosiyalar daha sürətli və güclü yaşanır, lakin onları idarə etmək bacarığı hələ tam formalaşmayıb. Buna görə də kiçik bir mübahisə çox qısa müddətdə böyük qarşıdurmaya çevrilə bilər".
Psixoloq əlavə edib ki, sosial şəbəkələr isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir:
"Uşaq etdiyi davranışın çəkilib paylaşılacağını bildikdə, bəzən bunu daha çox nümayiş etdirməyə başlayır. Beləliklə, bir hadisə başqaları üçün izlənilən kontentə çevrilir. Bu da zorakılığın qarşısını almaq əvəzinə, onu daha görünən və təkrarlanan hala gətirə bilər. Burada valideynin rolu çox böyükdür. Uşağın yalnız qiymətləri, dərsləri və məktəbdəki davranışı ilə maraqlanmaq kifayət etmir. Onun kimlərlə ünsiyyətdə olduğunu, nələr yaşadığını, nədən qorxduğunu, hansı mövzulara görə əsəbiləşdiyini bilmək lazımdır. Uşaq evdə özünü rahat ifadə edə bilirsə, problemi böyüməmişdən əvvəl aşkar etmək daha asan olur. Məktəbdə də zorakılığa "uşaqların arasında olan adi məsələ" kimi yanaşmaq olmaz. Təhqir, təhdid, bullinq və fiziki zorakılıq ilk dəfə ortaya çıxdıqda müdaxilə edilməlidir. Həm zərər görən uşağın, həm də aqressiv davranan uşağın psixoloji dəstəyə ehtiyacı ola bilər. Çünki yalnız cəzalandırmaq davranışın səbəbini aradan qaldırmır. Cəmiyyət olaraq da uşaqlara aqressiyanın güc və üstünlük olmadığını göstərmək lazımdır. Onlara qəzəbi necə ifadə etməyi, konflikt zamanı necə danışmağı, yox deməyi və qarşı tərəfin sərhədlərini tanımağı öyrətmək vacibdir. Uşağın aqressiv davranışını yalnız dayandırmağa çalışmaq yox, onun bu davranışa niyə ehtiyac duyduğunu anlamaq lazımdır".


