Texnologiya

Ethernet kabeli uzandıqca internet sürəti azalır?

Ethernet kabeli uzandıqca internet sürəti azalır?

Ethernet bağlantısı simsiz şəbəkələrlə müqayisədə daha stabil və sürətli hesab olunsa da, kabelin uzunluğu, kateqoriyası və fiziki vəziyyəti internet bağlantısının keyfiyyətinə təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, gündəlik istifadə zamanı bir neçə metrlik kabel fərqinin internet sürətində ciddi dəyişiklik yaratması gözlənilmir. Lakin kabelin uzunluğu standart hədlərə yaxınlaşdıqca siqnal itkisi daha nəzərəçarpan ola bilər.

30 və 100 metr məsələsi

Ən geniş istifadə olunan Cat5e və Cat6 Ethernet kabelləri üçün 100 metr məsafə ümumi standart hədd hesab olunur. Buna görə ev və ofislərdə istifadə edilən bir neçə metrlik kabellərin yalnız uzunluğuna görə internet sürətini əhəmiyyətli dərəcədə azaltması gözlənilmir.

Bununla belə, bağlantının keyfiyyətini yüksək saxlamaq üçün kabelin təxminən 30 metr və ya daha qısa olması tövsiyə edilir. Müxtəlif testlərdə 30 metrdən sonra siqnal itkisinə dair ilk əlamətlərin ortaya çıxa biləcəyi qeyd olunur.

Kabel 100 metr həddinə yaxınlaşdıqca isə bağlantı fiziki amillərə qarşı daha həssas olur. Bu zaman kabelin keyfiyyəti, istifadə olunan avadanlıq və ətraf mühit şəraiti daha böyük əhəmiyyət daşıyır.

Köhnə və zədələnmiş kabel də sürəti azalda bilər

İnternet sürətinə təsir edən amil yalnız kabelin uzunluğu deyil. Onun kateqoriyası da məlumat ötürmə imkanlarını müəyyənləşdirir. Məsələn, Cat6 kabellər daha yüksək ötürmə qabiliyyəti və daha qalın keçirici quruluşu ilə Cat5e ilə müqayisədə müəyyən üstünlüklərə malikdir.

Kabelin fiziki vəziyyəti də vacibdir. Masa kənarında davamlı sıxılan, kəskin şəkildə əyilən və ya xarici örtüyü zədələnən kabel məlumat ötürülməsində problemlər yarada bilər.

Bundan başqa, əyilmiş və ya zədələnmiş RJ45 konnektoru bağlantının sabitliyini poza bilər. Nəticədə internetdə sürət itkisi, bağlantının tez-tez kəsilməsi və digər problemlər yarana bilər.

Mütəxəssislər gözlənilməz internet sürəti azalması zamanı yalnız modem və internet provayderini günahlandırmamağı tövsiyə edirlər. Kabelin özünü, RJ45 uclarını və onun keçdiyi marşrutu yoxlamaq da problemin səbəbini müəyyənləşdirməyə kömək edə bilər.

Kabel köhnə və ya zədəlidirsə, onu yenisi ilə əvəz etmək, xüsusilə də daha müasir Cat6 kabeldən istifadə etmək evdəki şəbəkə performansını yaxşılaşdıra bilər.

Jalə