Cəmiyyət

"Azərbaycan Yaponiyadan minlərlə km uzaqdadır, amma bu gün Bakıda ən populyar qida suşidir"

Azərbaycan Yaponiyadan minlərlə km uzaqdadır, amma bu gün Bakıda ən populyar qida suşidir

Gənclərin kənar və yad ideoloji təsirlərdən qorunması bu gün də aktual məsələlərdən biridir. Xüsusilə sosial şəbəkələrin və müxtəlif informasiya mənbələrinin təsir imkanlarının genişlənməsi gənclərin hansı ideoloji təsirlərə məruz qalması məsələsini gündəmə gətirir. Halbuki yaxın keçmişdə Azərbaycan cəmiyyətində də bu cür yad təsirlərə qarşı mübarizə aparılıb. Aparılan ardıcıl işlərin nəticəsi olaraq bu gün Azərbaycan vətəndaşlarında dövlətçilik və dövlət təfəkkürünün formalaşdığını görürük.

Hazırda gəncləri yad təsirlərdən qorumaq üçün hansı addımlar atılmalıdır və ideoloji sahədə hansı boşluqlar mövcuddur?

AĞ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, ideoloji savaş XXI əsrin əsas savaşlarından biridir və bir çox dövlətlərin əsas vasitələrindən biri hesab olunur:

"Bunu "yumşaq güc"ün də tərkib hissəsi hesab etmək olar. Çünki ideoloji savaşda müharibə tanklarla, toplarla deyil, fikirlər, sözlər, yaşam tərzi və ideologiya vasitəsilə aparılır. İnsan bir gün fərqinə vara bilər ki, artıq cəmiyyət, ölkə və dövlət daxilən fəth olunub və ya işğal altındadır, gənclərin düşüncələri müəyyən ideoloji təsirlərin təsiri altına düşüb. Hətta təkcə gənclərin deyil, orta yaşlı və yaşlı insanların da düşüncələri müəyyən ideoloji təsirlərə məruz qala bilər. Əgər dövlət öz ideoloji xəttini konkret şəkildə müəyyənləşdirməsə və həmin ideoloji xətt istiqamətində təhsilini, sosial həyatını, siyasətini və elmini inkişaf etdirməsə, təbii ki, digər ideologiyalar və mədəniyyətlər cəmiyyəti assimilyasiya edə bilər. Məsələn, Azərbaycan Yaponiyadan minlərlə kilometr uzaqda yerləşir, amma bu gün Azərbaycanda, xüsusilə Bakıda ən populyar qidalardan biri suşidir. Bu, müəyyən mənada mədəni təsirin nümunəsidir. Amma Yaponiyada Azərbaycan mədəniyyətinin hansı tərəflərinin tanındığına baxsaq, vəziyyətin fərqli olduğunu görərik. Suşini sadəcə nümunə kimi çəkirəm. Suşi olmasın, "McDonald"s", "KFC", kola olsun. Bunların hamısı müəyyən bir mədəniyyətin, hətta ideologiyanın daşıyıcılarıdır. Təəssüf ki, tariximiz, keçmişimiz, mədəniyyətimiz və inanclarımız bizə kənar ideoloji təsirlərə qarşı dayanmaq üçün zəngin baza və sosial, elmi mənbələr versə də, bundan kifayət qədər istifadə olunmur. Çünki bu işlərin başında duran şəxslərin özlərinin prosesdən xəbəri yoxdur".

Onun sözlərinə görə, Azərbaycan ideoloji mübarizə aparmaq istəyirsə, ilk növbədə dövlət olaraq öz ideoloji xəttini konkret müəyyənləşdirməlidir:

"Bəzən deyirik ki, avropalaşırıq, Avroatlantik məkana inteqrasiya edirik, bəzən İslam dünyasının tərkib hissəsi olduğumuzu bildiririk, bəzən Türk dünyasının tərkib hissəsi olduğumuzu vurğulayırıq. Bir tərəfdən Qərb, digər tərəfdən Şərq, bəzən sünni, bəzən şiə, bəzən isə multikultural olduğumuzu deyirik. Belə yanaşma olduqda bu məsələni sistemli şəkildə həyata keçirmək çətinləşir. Hər bir dövlətin vahid və sarsılmaz ideoloji xətti olmalıdır. Bütün digər sahələr – tarix elmi, mədəniyyət, təhsil, elm və digər istiqamətlər həmin xətt üzrə inkişaf etməlidir. Vətənpərvərlik məsələsinə gəldikdə isə, bu, daha çox insanların şəxsi təşəbbüsü ilə yaşatdığı, yaratdığı və qoruduğu hissdir. Bu səbəbdən vətənpərvərliyi hansısa siyasi xəttin, dövlət siyasətinin tərkib hissəsi kimi görmürəm. 2020-ci ilə qədər, Qarabağın işğal altında olduğu dövrə nəzər salsaq, istər media, istərsə də təhsil sahəsində Qarabağ mövzusunun ən yaxşı halda üçüncü və ya dördüncü yerlərdə olduğunu görərik. Efir və media məkanında daha çox şou-biznes və digər mövzulara yer verilirdi, Qarabağ, azadlıq və bu kimi məsələlər isə arxa planda qalırdı. Bu, əsasən vətəndaşların qəlbində yaşatdığı qisas hissi və həmin torpaqlara qayıtmaq arzusu ilə bağlı idi. Bu hiss nəsildən-nəslə ötürülürdü. Məsələn, Qarabağda döyüşənlərin çoxu həmin əraziləri heç vaxt görməmişdi. Lakin onlar Qarabağ haqqında ata-analarından, babalarından və nənələrindən eşitmişdilər. Bu baxımdan düşünürəm ki, dövlətin bu sahədəki boşluğu həmin istiqamətdə vahid proqramın olmamasından irəli gəlir. Belə bir proqram qəbul edilməli və işlər həmin proqram əsasında həyata keçirilməlidir".

FH
Fidan Hacızadə
Müxbir